AZ

V. Putin Ukraynanı sülhə çağırıb » AzadMedia.az

V.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, Ərdoğan Kreml liderinin sülh çağırışını və bu istiqamətdə İstanbulda Rusiya-Ukrayna danışıqlarının bərpası ilə bağlı bəyanatını alqışlayıb.
Türkiyə lideri bildirib ki, Rusiya-Ukrayna üzrə sülh danışıqlarına hərtərəfli atəşkəs üçün lazımi şərait yaradılacaq. "Sülh üçün fürsət pəncərəsi açılıb və hərtərəfli atəşkəs sülh danışıqları üçün lazımi şərait yaradacaq", - Ərdoğan vurğulayıb.
Danışıq zamanı Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.
Rusiya Prezidenti Vladimir Putin Ukraynanı 15 may tarixində birbaşa sülh danışıqlarında iştirak etməyə dəvət edib. Bu çağırış Avropa liderlərinin Rusiyanı 30 günlük qeyd-şərtsiz atəşkəsə razı salmağa çalışmasından bir neçə saat sonra gəlib.

Kreml lideri nadir gecə televiziya çıxışında bildirib ki, Moskva “ciddi danışıqlar” aparmaq və “qalıcı, güclü sülhə doğru irəliləmək” istəyir. Danışıqların daha əvvəl də görüşlərin keçirildiyi İstanbulda baş tutması təklif olunur.
Putin, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bazar günü danışıqlar aparacağını bildirib. Ukrayna isə hələlik bu təklifi rəsmi olaraq cavablandırmayıb.
Bundan bir neçə saat əvvəl Birləşmiş Krallığın Baş naziri Sir Keir Starmer, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Mers və Polşa Baş naziri Donald Tusk Kiyevə səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransı keçiriblər.
Onlar Rusiyanı qeyd-şərtsiz 30 günlük atəşkəsə razı salmağa çalışaraq xəbərdarlıq ediblər: Əgər Putin razılaşmasa, Rusiya enerji və bank sektorlarına qarşı “yeni və kütləvi sanksiyalar” tətbiq olunacaq.
Sir Keir Starmer BBC-yə verdiyi açıqlamada ABŞ Prezidenti Donald Trampın da bu təklifi dəstəklədiyini və atəşkəsin “mütləq yerinə yetirilməli olan tələb” olduğunu söylədiyini qeyd edib.
Kremlin sözçüsü Dmitri Peskov isə Avropanın təklifini “yeni inkişaf” kimi qiymətləndirib, lakin “Rusiyaya təzyiq göstərmək faydasızdır” deyərək, sərt reaksiya verib. O, Avropa liderlərinin bəyanatlarını “qarşıdurma xarakterli” adlandırıb.Moskva bundan əvvəl dəfələrlə bildirib ki, atəşkəs barədə düşünmək üçün ilk növbədə Qərb Ukraynaya hərbi yardımını dayandırmalıdır.

Zelenski isə bir daha beynəlxalq dəstəyi yüksək qiymətləndirərək bildirib:
“Bu gün biz real və davamlı təhlükəsizliyin necə qurulacağına fokuslanmışıq.”

Seçilən
0
50
azadmedia.az

10Mənbələr