Hindistan və Pakistan arasında dörd günlük qanlı hərbi toqquşmadan sonra əldə olunan atəşkəs razılaşmasından cəmi bir neçə saat sonra tərəflər bir-birini razılaşmanı pozmaqda ittiham edib.
Hindistanın Xarici İşlər Katibi Vikram Misri bildirib ki, “bu axşam əldə olunan razılaşmaya baxmayaraq, təkrar-təkrar pozuntular qeydə alınıb”. O, Hindistan ordusunun “münasib cavab verdiyini” və Pakistanı razılaşmalara hörmət etməyə çağırıb.
Digər tərəfdən, Pakistan Xarici İşlər Nazirliyi bəyan edib ki, “Hindistanın bəzi bölgələrdə törətdiyi pozuntulara baxmayaraq, Pakistan atəşkəsə sadiq qalır”. Nazirlik həmçinin tərəflər arasında kommunikasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Dörd günlük döyüşlər Hindistanın keçən ay Pahalgam şəhərində baş verən və 26 turistin ölümünə səbəb olan hücuma cavab olaraq Pakistan və Pakistanın idarəsində olan Kəşmir bölgəsinə hava zərbələri endirməsilə başlamışdı. Pakistan bu hücumda əli olmadığını bildirsə də, Hindistan cavab tədbirlərini "terrorçulara qarşı ədalət" kimi əsaslandırıb.
Atəşkəsin ABŞ vasitəçiliyi ilə əldə edildiyi və bu prosesdə 30-dan çox ölkənin iştirak etdiyi açıqlanıb. ABŞ Prezidenti Donald Tramp bu xəbəri şənbə günü Truth Social platformasında elan edib. ABŞ Dövlət katibi Marko Rubio isə Hindistan və Pakistan rəhbərləri ilə birbaşa danışıqlar apardığını və geniş məsələlərin müzakirə ediləcəyi yeni danışıqların başlanacağını bildirib.
Bununla belə, atəşkəs elanından sonra həm Srinagar, həm də Cammu şəhərlərində partlayış səsləri və göydə işıq saçan partlayışlar müşahidə olunub. BBC müxbirləri də bölgədəki vəziyyətin sabit olmadığını təsdiqləyib.
BMT Baş katibi Antonio Quterreş və Birləşmiş Krallığın Baş naziri Keir Starmer tərəfləri gərginliyi azaltmağa və atəşkəsi davam etdirməyə çağırıb.
Kəşmir bölgəsi 1947-ci ildə Britaniyadan ayrıldıqdan sonra Hindistan və Pakistan arasında mübahisəli ərazi olaraq qalır. İki ölkə bu bölgəyə görə artıq iki dəfə müharibə aparıb və hər ikisi nüvə silahına malikdir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta