AZ

Gözləri yaşardan VƏTƏN ...

Mayın doqquzunda, iki gün əvvəl yaşadığım Şamaxının Çuxuryurd kəndində ailə məclisi qurmuşdum. Necə oldusa məclis gözlənildiyindən də istedadlı baş tutdu. Ortada ayağa durub iştirakçılardan hər kəsin öz yarını bir sözlə ifadə etməyi rica etdim.

Bu fəndi beş il əvvəl, 40 yaşım olanda tapmışam.

O zaman rejissor dostuma demişdim ki, sənə 40 nəfərin siyahısını verəcəm, onları çəkərsən, qoy hər kəs məni bir sözlə ifadə eləsin.

Siyahını tamamlayanda çəkilişdən imtina etdim. Səbəbi də bu idi ki, qeydlər arasında ailə üzvlərimdən heç kim yox idi. Yəni, mən avtomatik olaraq,  o adamların adını siyahıya salmışam ki, onların məni bir sözlə ifadə edə biləcəyindən əmin olmuşam. Ailə üzvlərinin isə o sırada olmamasının yumşaq ifadə eləsək, bir yaradıcı adam üçün nə boyda boşluq yaratdığını hərə öz çapında təsəvvür eləsin bir zəhmət…

Qayıdaq bizim bir sözlə ifadə olunan məclisə.

Cavabların az qala hamısı yerində olsa da, oxucu üçün təsirli olacaq bir neçəsini yazmağa çalışacam.

Bacım oğlundan anasını bir sözlə ifadə etməsini istəyirəm.

Cavab: – Atam… (Bacım onu atasız böyüdüb...)

Yetmişə yaxınlaşan dayım arvadından da öz həyatını bir sözlə ifadə etməsini xahiş edirəm.

Cavab: – 1976... (Bu tarixdə ailə qurduğu dayım cəmi 6 ay sonra xərçəngdən 26 yaşında dünyasını dəyişib…)

“Ruletka” yoldaşımın üstünə fırladılır. Yerdən kimsə “qoy səni də öz xanımın ifadə eləsin”, – deyir.

Cavab yaralayıcı və aydındır: - 40 yaşında tutulan siyahıda olmamışam deyə, məndən o ifadəni gözləməyin.

Cavab anamı qayğıdolu narahat edir...

Bunu hiss edən bacım “onda sən özün özünü bir kəlmə ilə ifadə elə görək” deyir.

Cavab: – Vətən…​

Cavab sövq-təbii olsa da, kəskin və qurtarıcıdır.

Bu cavabı tapıb verdiyimə görə Tanrıya təşəkkür edirəm. Qürurlanıram öz cavabımdan.

Burda pərdə bağlanır.

Məclisin səhəri Ağdam Muğam Mərkəzinin açılış konsertinə baxıram.

Prezidentin ayaq üstə kövrələrək alqışladığı konsertdə xanəndə elə beləcə də oxuyur:

Arif olanın sevgili-cananı vətəndir.
Həm namusu, həm qeyrəti, vicdanı vətəndir.

Göz yaşları içində düşünürəm.

Vətən azad olmasaydı, mən anamın qarşısında vəziyyətdən çıxıb o cavabı verə bilməyəcəkdim…

Bir kəlməlik ifadəni tapmaq üçün də, bir kəlmə ilə ifadə olunmaq üçün də vətən mütləq azad olmalıdır…

Elbrus ƏRUD

Seçilən
0
vaxt.az

1Mənbələr