AZ

''Qalatasaray'' Trabzonu da fəth etdi

Türkiyə çempionatının 35-ci turunda ''Qalatasaray'' ''Trabzonspor''un qonağı oldu.

"Football-plus.az" xəbər verir ki, ''Fənərbaxça'' bu turu qələbə ilə başa vurduğundan ''Cim-Bom'' istənilən halda çempionluğu bu həftə rəsmiləşdirə bilməyəcəkdi. Amma Okan Burukun komandası çempionluq yolunda son ciddi maneəni də dəf etməyi bacardı.

Ədalət naminə deyək ki, ilk yarıda meydan sahibləri daha yaxşı təsir bağışladı. Amma Trabzon təmsilçisi yaxaladığı fürsətləri dəyərləndirə bilmədi. Muslera önəmli seyvlər etdisə, daha bir epizodda top tirdən döndü. ''Trabzonspor''dan fərqli olaraq ''Qalatasaray'' fürsətləri boşa vermədi. Viktor Osimhen qol vura bilməsə də, qonaqların heyətində başqa futbolçular ön plana çıxdı.

Qələbənin əsasını Əbdülkərim Bardakcı qoydu. Təcrübəli mərkəz müdafiəçisi künc zərbəsi zamanı başla hesabı açdı. Yekun nəticəni isə Morata müəyyənləşdirdi. 2 cavabsız qolla ardıcıl 7-ci qələbəsini qazanan ''sarı-qırmızılar''ı artıq çempionluqdan cəmi 1 xal ayırır. Yəni qeyri-adi bir şey baş verməsə, ''Qalatasaray'' gələn tur ''Kayserispor''la ev oyununda ardıcıl 3-cü, tarixinin 25-ci çempionluğunu rəsmiləşdirərək 5-ci ulduzu qazanacaq.

İstanbul nəhəngi həm də Trabzon təmsilçisi üzərində ardıcıl 5-ci qələbəsini qazandı. Daha öncə komandanın bu rəqibə qarşı 5 oyunluq qələbə seriyası yalnız 1 dəfə - 1999-2003-cü illərdə olmuşdu.

Onu da bildirək ki, ''Qalatasaray'' bu mövsüm səfərdə 17-ci superliqa matçında 14-cü dəfə qalib gəldi (2 heç-heçə, 1 məğlubiyyət) və rəqib meydanlarında ən yüksək (82) qələbə faizinə malik olduğu mövsümünü keçirir.

Seçilən
0
football-plus.az

1Mənbələr