BAKI, TurkicWorld
ABŞ Prezidenti Donald Tramp Ukraynanı Rusiya Prezidenti Vladimir Putinin təklif etdiyi danışıqlara dərhal razılıq verməyə çağırıb.
TurkicWorld xəbər verir ki, bu barədə Tramp Trurth Social sosial şəbəkəsində etdiyi paylaşımda bildirib.
“Rusiya Prezidenti Putin Ukrayna ilə atəşkəs sazişi imzalamaq istəmir, o, bu qanlı müharibənin mümkün sonunu müzakirə etmək üçün mayın 15-i Türkiyədə görüş keçirmək istəyir” – deyə, Tramp bildirib.
“Ukrayna buna dərhal razılaşmalıdır. Heç olmasa, bu, onların (ukraynalıların) danışıqların mümkün olub-olmadığını müəyyən etməsinə imkan verəcək. Əgər mümkün deyilsə, Avropa liderləri və ABŞ vəziyyətin real mənzərəsini görəcək və müvafiq şəkildə hərəkət edə biləcəklər" - deyə, Tramp qeyd edib.
Bununla yanaşı, Tramp etiraf edib ki, Rusiya və Ukraynanın münaqişəni həll etmək üçün sazişə gələ biləcəyinə artıq şübhə ilə yanaşır.
Qeyd edək ki, həmin danışıqların 15 may tarixində Türkiyədə keçirilməsi nəzərdə tutulur.