Əgər Oskar Vayld, Stiven Frey və Maqsud İbrahimbəyov Bakının İçərişəhər çayıxanasında bir süfrə arxasında otursaydı, inanıram ki, danışan yalnız Maqsud müəllim olardı. Çünki o, həm irsi qonaqpərvərlik hisslərinin əsiri olaraq qonaqlara heç vaxt zəhmət verməzdi, həm peşəkar çayxor kimi süzülən söhbətlərdə düzgün və riyazi dəqiqliklə hesablanmış dodaq yeri qoyardı, həm də danışa-danışa çaynikdəki çayın qurtardığını heç kimə hiss etdirməzdi. Bu qeyri-adi məclisin sonunda isə dilsiz-ağızsız qonaqlara hətta sağollaşmağa belə imkan verməyən Maqsud müəllim: “Süfrədə heç nə yox idi, amma onlar doydu” deyərdi. Bu cümlə açıq şəkildə göstərir ki, ya hörmətli qonaqlar aclıqdan doymuşdu, ya da Maqsud müəllimin sarkastik, sonsuzluqla qohumluq əlaqəsi olan söhbətlərindən.
Doğrusu, ilk dəfə onun yazılarını oxuyanda düşündüm ki, ya bu adam xaş-xaş tarlasında doğulub və ilk nəfəsini də orada alıb, ya da uşaqlıqda onun ən sevdiyi əyləncəsi arıları sancmaq olub. Hər halda, bununla bağlı araşdırma aparmaq istəyirdim. Bir dəfə atamın kitab rəfində Maqsud müəllimin "Uşaqlığın son gecəsi" adlı bədii ssenarisi əlimə keçdi. Təhlükəli bir sənəd idi – oxuyandan sonra qəlb damarlarımın ciddi sıxıntısını azaltmaq məqsədilə ürəkdən gülürdüm. Bu yumor və ya satira kifayət qədər zəhərli virus idi. Yəni bu, o cür virus idi ki, insan əvvəl gülür, sonra güldüyünə görə sarsıntı və uşaq kimi utanc hissi yaşayır. Həqiqətən də, Maqsud İbrahimbəyovun zarafatları Fransız pendiri kimidir: ilk baxışdan gözəl görünüş, rəng palitrası və tekstura adama heyran edir, amma dadına baxanda bir az iylənmiş və kiflənmiş həyat gerçəkləri dadını verir.
Bütün insanlar hər hansı bir əsər oxuyarkən onu sadəcə baş qəhrəmanın yaşadıqları toplusu kimi oxuyurlar. Amma Maqsud müəllimin hekayələrində qəhrəman çox vaxt ətraf mühitdir, Bakı küçələrinin özüdür, personajların paltarları, papaqları, çaynikdə qaynayan dedi-qodular və bir də səssizcə "ehhh..." deyən qadın baxışlarıdır. Onun personajları elə bil Şekspirin qəhrəmanları ilə Tolstoyun kənd əhli arasında qurulmuş diplomatik əlaqələrin təzahürüdür – hamısı azca kinayəli, azca bədbəxt, amma bir o qədər də əziz və doğmadır. Sanki hər biri mənim qonşumdur – çünki Maqsud İbrahimbəyov, elə Bakı həyatının ta öz mərkəzindən yazırdı.
Çox təəssüf ki, indiki, betonla plastik aynanın qonşuluğunda yaşayan və bir-birini tanımayan nəsil bunu anlamayacaq… Maqsud müəllim bu yerdə deyərdi ki, “Viski və əyləncə tanrıları bizimlə öldü. Onların əvəzinə indi aşağılıq kompleksi və psixoanaliz, yazarkən sözlərdən qorxma və oxuyarkən səssizliyə önəm verilməsi dövranı gəlib. Artıq “gözəl həyat” darıxdırıcı eybəcərliklərdən ibarətdir.”
O, komediyanı yazarkən tragediyanın içindən keçib gəlirdi. Gülməli olanı gülünc etmək onun işi deyildi – o, faciəni güldürərək gülüşü müqəddəs bir qanun səviyyəsinə qaldırırdı. Zarafatın içindəki kədəri, kədərin içindəki zarafatı görərək yazırdı. Nə xoş ki, yazırdı! Əgər Maqsud İbrahimbəyov bu esseni oxusaydı, yəqin gülümsəyib deyərdi: "Yaxşı yazmısan, amma bir az da abart, oxucu ağlamasın, birdən elə bilər ki, doğrudan da ölmüşəm."
Doğrudan da, abartsam yaxşı olar, axı bu gün ad günüdür. Bu gün onun 90 yaşı tamam olur.
Ad günlərinin birində Maqsud müəllimə adını çəkmək istəmədiyim dostu üzərində brilliant daşı olan saat hədiyyə etmişdi. Ad gününün sabahı, artıq baş ağrısının çarəsi tapılandan sonra o, bahalı hədiyyəsini qoluna taxır və evin bir divarından digərinə istiqamətləndirilmiş marşrutu qət edərək vacib bir pafosla qələm ağırlığını görməyən sol əlini qaldırıb daş-qaşlı saatına baxırdı… sonra özündən və sol qolunun ağırlığından ikili hissləri keçirərək həmən proseduru canlandırmaq üçün digər divara tərəf gedirdi. Növbəti divarların qarşısında dayanıb bahalı saata baxan cəhalət düşməninin birdən nəsə yadına düşür:
- Anna, bir dəqiqəlik yanıma gələ bilərsənmi, zəhmət olmasa?
Maqsud müəllimin həyat yoldaşı onun yanına bir fincan çayla yaxınlaşır.
- Deyəsən depoya çatmısan?
soruşdu və çayı masanın üstünə qoydu. Maqsud müəllim diqqətini nəhayət ki, müxtəlif rəng çalarları ilə parlayan saatından ayırıb Anna xanuma, daha doğrusu, onun çay gətirən əllərinə, sonra yazıçının bəyanatına qulaq asmağa hazırlaşan qulaqlarına diqqətlə baxdı.
- Annuşka bax, mənim saatımda brilliant daşı var… bəs sənin briliantın var?
Anna xanım da ilk öncə öz barmaqlarına, sonra isə Maqsud müəllimin gözlərinə baxdı.
- Yox, mənim briliantım yoxdur.
dedi və öz otağına yola düşdü. Maqsud müəllim bir daha saatına baxdı və Anna xanımın arxasınca:
- Mütləq get özünə bu gün brilliant al – ailədə bərabərlik olmalıdır!
Bu hadisədən uzun müddət keçəndən sonra Anna xanımla hansısa növbəti layihə üzərində işləyəndə söhbət bu əhvalatdan düşdü və mən, jurnalist marağı ilə hekayəyə sonluq axtararaq:
- Necə oldu bunun sonu, siz nə etdiniz?
sualını Anna xanıma verdim. Onun cavabı lokanik oldu:
- Mən onu aldatdım…
Bu cavab məni daha da həyəcanlandırdı:
- Yəni, heç nə almadınız?
Anna xanım mənim gözlərimə, sonra öz barmaqlarına, daha sonra isə divarda asılan Maqsud müəllimin şəklinə baxdı.
- Yox, mən onu aldatdım ki, mənim briliantım yoxdur…
Mən hər şeyi anladım. Gəlin etiraf edək: Maqsud İbrahimbəyovun həyat yoldaşı dünyanın, yəqin ki, ən xoşbəxt və varlı insanlarından biridir. Baxmayaraq ki, bu gün Maqsud müəllim bizimlə Bakı şəhərinin küçələrində ayaqlaşmır, biz onu hər zaman hiss edirik – qəhvə və ya daha da acı içki içəndə, pəncərədən həyatımıza baxanda və sözsüz ki, zarafatla yaşamağa çalışanda." Və biz gülürük, Maqsud müəllim.
Sonda: Hörmətli Maqsud müəllim, əgər o dünyadan Bakıya viski yollamaq olursa, lütvən bir şüşə göndərin. Bu gün əzizləriniz və pərəstişkarlarınız Sizin qələminizin şərəfinə badələr qaldırmaq istəyirlər. Əgər yollamaq olmursa və loqistika doğrudan da birtərəflidirsə... Olsun. Biz onsuz da sizin əsərlərinizdən daim sərxoş vəziyyətdəyik.
SON.