AZ

Bruno Fernandes nailiyyəti ilə diqqət çəkdi

“Mançester Yunayted”in kapitanı, 30 yaşlı portuqal hücumameyilli yarımmüdafiəçi Bruno Fernandes nailiyyəti ilə diqqət çəkib.

Arena.az məlumat verir ki, Fernandes üçüncü mövsümdür ki, “qırmızı şeytanlar”ın ev oyunlarında ən azı 10 qol və 10 məhsuldar ötürmə ilə fərqlənə bilib.

Daha əvvəl Fernandes 2020/2021-ci və 2022/2023-cü illər mövsümlərində müvafiq uğura imza atıb.

1992-ci ildə İngiltərə Premyer Liqasının təsis edilməsindən sonra müvafiq uğura əvvəllər “qırmzı şeytanlar”ın iki oyunçusu nail olub – 1998/1990-cu illər mövsümündə trinidad-tobaqolu hücumçu Duayt York və 2006/2007-ci illər mövsümündə portuqal hücumçu Kristiano Ronaldo.

Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvar ayında 65 milyon avro məbləğ müqabilində Lissabon “Sportinq”indən tamhüquqlu əsasda keçib. Fernandesin İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Fernandes “qırmzı şeytanlar”ın heyətində 53 oyun keçirib, 19 qol vurub, 19 məhsuldar ötürmə verib.

Fernandesin “Mançester Yunayted” karyerası ümumilikdə 286 oyun, 98 qol və 86 məhsuldar ötürmədən ibarətdir.

Bruno Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 78 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 25 qol vurub, 23 məhsuldar ötürmə verib.

Bruno Fernandesin peşəkar karyerasındakı əsas uğurları da məhz “Mançester Yunayted”, “Sportinq” klubları və Portuqaliya yığması ilə bağlıdır.

“Transfermarkt” internet-portalı 30 yaşlı portuqal hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
0
arena.az

1Mənbələr