AZ

Emin Mahmudov: "Turan Tovuz"u bilmirəm, amma bizim öz problemimiz böyükdür"

"Tovuzda qalib gəlmək çox çətin olur. "Turan Tovuz"un standart vəziyyətləri çox təhlükəlidir. Bu da bizə böyük problemlər yaratdı. Elə bu vəziyyətdən də bizə qol vurdular. Amma yenə də çalışırdıq ki, daha çox top saxlayaq ki, rəqib bizə təzyiq etməsin. Düzdür, çox top itirirdik. Amma yenə də istəyirdik ki, top saxlayaq. Bəlkə də ona görə də uğurlu alındı. "Turan Tovuz"u bilmirəm, amma bizim öz problemimiz böyükdür. Çox problem yaşadıq. Bu sezon bizim üçün uğursuz oldu. Səbəbini bilmirəm. Amma biz çalışmalıyıq ki, daha yaxşı olaq".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Neftçi"nin futbolçusu Emin Mahmudov deyib. "Ağ-qaralar"ın əsas üzvlərindən olan Mahmudov qarşıdakı turlarda da uğurlu nəticə üçün oynayacaqlarını bildirib. Bununla yanaşı, o, yeni sezon komandanın daha uğurlu çıxış edəcəyinə inandığını söyləyib: "Onsuz da, "Turan Tovuz"la oyundan qabaq da avrokubok şansımızı itirmişdik. Amma yenə də meydana çıxaraq "Neftçi" adına layiqli oyun göstərməyə çalışdıq. Qarşıdakı turlarda da belə olacaq. Bu mövsüm pis oynadıq, yaxşı nəticələr olmadı.Yaxşı oyunumuzla azarkeşləri stadiona qaytara bilərik. Gələn sezon yaxşı oyun keçirsək, gələrlər. İnanıram ki, yeni sezon bundan 100 faiz yaxşı olacaq. Daha yaxşı sezon keçirib, onları sevindirərik. Bunun üçün əlimizdən gələni edəcəyik".

Mahmudov "Neftçi" ilə müqavilə müddətinin artırılıb-artırılmayacağı barədə isə bu cür şərh verib: "Klub tərəfdən açıqlama olmalıdır".

"Turan Tovuz" - "Neftçi" görüşündən sonra "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov Emin Mahmudovun formasını şəhid övladına verib. Futbolçu özü bunu açıqlayıb: "Samir Abasovun formanı nəyə görə istədiyini bildim. O, dedi ki, formanı bir nəfərə hədiyyə vermək istəyir. Öyrəndim ki, həmin forma şəhid övladına hədiyyə edilib. Daha yaxşı oldu".

Sonda isə o, ölkə kubokunun "Qarabağ" və "Sabah" klubları arasında keçiriləcək final görüşünə baxmayacağını deyib: "Mən həmin matça baxmayacam. Çünki uduzduğumuz o oyundan sonra başqa futbola baxmaq istəmirəm".

saytlarin hazirlanmasi

Seçilən
0
sportal.az

1Mənbələr