Bu həftə elitanı tərk edəcək komandanın adına aydınlıq gələ bilər.
“Səbail”in “Zirə”yə məğlub olması, yaxud “Kəpəz”in “Sumqayıt”la görüşdə qalib gəlməsi sualın cavabını müəyyənləşdirəcək.
İş burasındadır ki, Gəncə təmsilçisi əsas rəqibləri ilə matçlarda çətinlik çəkir. “Turan Tovuz”, “Sabah”, “Neftçi” kimi rəqiblərini məğlub edən “sarı-göylər” “Sumqayıt”la üçüncü dövrədəki dueldə darmadağın olmuşdu – 0:3.
Bu, “Kəpəz”in kapitanı Yeqor Xvalko narahat edən məqam olsa da, belaruslu müdafiəçi Sportinfo.az-a açıqlamasında mövsümün sonuna yaxın qələbələri sıralamaq istədiklərini gizlətməyib:
“Söhbət hədəfdən gedirsə, qarşıma qoyduğum məqsəd “Sumqayıt”la matçda qələbə qazanıb, oyundan sonra doyunca sevinməkdir.
“Zirə” və “Şamaxı” yenilgilərindən sonra uduzmaq haqqımız yox idi. “Neftçi”ylə qarşılaşmada qələbəyə layiq oyun göstərsək də, 1 xal qazandıq.
İnanıram ki, hazırda komandada olan ruh yüksəkliyi “Sumqayıt”la görüşdə bizə çox kömək edəcək. Nəinki çempionatdakı yerimizi qorumaq, hətta mövsümü 8-ci pillədə başa vurmaq şansımız var.
Bundan istifadə etməliyik. Mövsümün son oyunlarını müsbət notda başa vurmaq vacibdir.
Təsəvvür edin, 3 turdan sonra çempionat başa çatacaq və iki ay futbolsuz qalacağıq.
Düzdür, mövsümöncəsi təlim-məşq toplanışı var. Ancaq bu, əksər futbolçuların xoşuna gəlmir.
Yayda hər birimiz çempionatın startını gözləyirik. Ona görə də son turlardan həzz almalıyıq. Bu barədə hər bir futbolçu düşünməlidir”.
Mayın 11-də Tovuz şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Sumqayıt” qarşılaşması saat 18:00-da başlayacaq.
HƏBİB