Ukrayna “lövhəsində” daha bir şahmat oyunu
Həm Ukrayna, həm də Rusiya atəşkəs və sülh danışıqları təklifi ilə çıxış etdi. Əslində daha geniş mənzərədə baş verənlər Avropa-Ukrayna ittifaqı ilə Putin-Tramp tandemi arasında mürəkkəb diplomatik mübarizənin növbəti raundu idi.
Musavat.com təklif edir ki, baş verənlərin qısa xronologiyasına baxaq.
Mayın 10-da Kiyevə gəlmiş Avropa liderləri atəşkəs çağırışı etdilər. Almaniya, Fransa, İngiltərə və Polşa liderlərinin Ukrayna prezidenti ilə birgə bəyanatında ABŞ prezidenti Donald Trampın Ukraynada sülh sazişi çağırışını dəstəklədiklərini və ABŞ-la birlikdə Rusiyaya ədalətli və davamlı sülh şərtləri irəli sürmələri üçün “ön şərtsiz 30 günlük atəşkəs” təklifi etdiklərini açıqladılar.
Ukrayna prezidenti bildirdi ki, əgər Rusiya təsdiq edərsə, mayın 12-dən etibarən atəşkəs elan etməyə hazırdırlar. Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak isə bildirib ki, müharibənin dayandırılması üçün ilk və dəyişməz şərt 30 günlük fasiləsiz və tam atəşkəsin əldə olunmasıdır.
Avropa və Ukrayna liderlərinin 12 maydan etibarən atəşkəs və danışıqlar təklifinə Rusiya prezidenti mayın 10-u gecəyarısı cavab verdi. Ehtimal ki, uzun müzakirə və danışıqlardan sonra jurnalistlər qarşısına çıxan Rusiya prezidenti Ukrayna ilə sülh danışıqları ilə bağlı öz təklifini açıqlayıb. Lakin təklifini açıqlamamışdan əvvəl Putin Ukraynanı ABŞ prezidentinin səyləri nəticəsində elan edilmiş 30 günlük enerji obyektlərinə hücumlara moratorium qərarına əməl etməməkdə, habelə Rusiyanın təşəbbüsü ilə Pasxa atəşkəsini pozmaqda və nəhayət, Qələbə günü münasibətilə Moskvanın elan etdiyi atəşkəsi pozmaqda ittiham edib.
Lakin daha sonra elan edib ki, Rusiya mayın 15-dən etibarən atəşkəs və Türkiyənin İstanbul şəhərində Ukrayna-Rusiya danışıqları prosesini keçirməyə hazırdır. O, bununla bağlı bu gün, yəni mayın 11-də Türkiyə prezidenti ilə danışıqlar aparacağını bildirib. Putinin sözlərindən belə məlum olub ki, onlar 2022-ci ildə İstanbul danışıqları və razılaşması üzərindən davam etməyi təklif edirlər.
Putinin Avropa və Ukrayna liderlərinin 12 may atəşkəsi və danışıqları təklifinə cavab olaraq 15 may atəşkəsi və İstanbul prosesini bərpa təklifi ilin əvvəlindən başlayan diplomatik “şahmat oyununun növbəti raundu” hesab oluna bilər.
ABŞ və Ukrayna arasında minerallar haqqında sazişin ardınca Avropa liderlərinin Tramp və Putinə gözlənilmədən 12 mayda atəşkəs və sülh danışıqları təklifi əslində daha çox Trampı fakt qarşısında qoymaq və Putinə qarşı real addımlar atmağa sövq etmək məqsədi daşıyırdı. Çünki sazişdən sonra baş verənlər Ukrayna-Rusiya sülhü ilə bağlı ümidləri daha da azaltdı və Tramp Ukraynada atəşkəs ümidini itirdiyini etiraf etməyə başladı. Sonuncu 12 may atəşkəsi isə faktiki olaraq Putin-Tramp ikilisi arasında ixtilafa meydan verirdi.
Məhz bu səbəbdən Putin 1 sutka keçmədən dərhal Avropa və Ukrayna liderlərinin atəşkəs təklifinə öz cavabını açıqladı. Putinin 15 mayda İstanbul danışıqlarını təklif etməsi təkcə özünü deyil, həm də Trampın xilasına xidmət edirdi. Bu səbəbdən də ABŞ prezidenti dərhal Rusiya prezidentinin təşəbbüsünü dəstəklədi. Çünki minerallar sazişindən sonra Rusiya ilə atəşkəs təkliflərinin nəticə verməməsi Trampı Avropa və Ukrayna qarşısında çətin vəziyyətə salmış, Rusiya ilə danışıqlar prosesini faktiki olaraq dayandırırdı. Putin isə Trampla danışıqlar prosesini faktiki olaraq qorumağa çalışdı.
Artıq Fransa prezidenti Makronun dərhal atəşkəs elan olunması ilə bağlı bəyanatına cavab olaraq Rusiya XİN sözçüsü Zaxarova bildirib ki, Putinin təklifi qüvvədədir, İstanbul prosesi başlamalıdır. Yalnız bundan sonra atəşkəsə baxıla bilər.
Putin nədən İstanbulu xüsusi olaraq bəri başdan elan etdi? Doğrudanmı Rusiya prezidenti bilmir ki, yenidən 2022-ci il prosesini bərpa etmək o qədər də real deyil? Əslində Putin İstanbulu işarə edərək Türkiyə prezidentini danışıqların təşkilatçısı kimi elan etməsi daha bir hiyləgər gediş idi. Məlum olduğu kimi, son aylarda Avropa liderləri Türkiyəni özlərinə tərəf çəkməyə, Avropanın təhlükəsizliyində Türkiyənin rolunu önə çıxarmaqla Türkiyəni öz tərəfinə çəkməyə çalışırdılar.
Putin isə bu gedişlə Ərdoğana xüsusi münasibət bəslədiyi və onu Ukrayna-Rusiya danışıqlarında əsas vasitəçi olaraq gördüyünü açıqladı. Bununla da faktiki olaraq Türkiyəni Avropa-Ukrayna deyil, Tramp-Putin ittifaqına doğru çəkmiş oldu. Yəni Ukrayna 15 may İstanbul prosesindən imtina edərsə, – bu ehtimal yüksəkdir – bu, həm də Türkiyənin prosesdə rolundan imtina mənasına gələcək. Digər tərəfdən, o da məlumdur ki, Türkiyə hakimiyyəti hazırda sürətlə ABŞ-la yaxınlaşır və regional və qlobal siyasətdə ABŞ-la yenidən yaxından əməkdaşlıq edir.
Belə demək olarsa, Ukrayna-Avropa və Rusiyanın atəşkəs və sülh danışıqları təklifi daha çox “oyun meydanında” üstünlük qazanmağa hesablanmış siyasi gedişlər idi.