Donald Trampın “əldə etdiyi” daha bir “atəşkəs” qüvvəyə mindi. Söhbət Hindistanla Pakistan arasındakı atəşkəsdən gedir. Ancaq vəziyyətin acı ironiyası ondan ibarətdir ki, hər iki tərəf artıq bir-birini atəşkəsi pozmaqda ittiham etməyə başlayıb. İlk ittihamlar səslənəndə atəşkəsin elanından bir saatdan da az vaxt keçmişdi. Atəşkəs ilkin olaraq Donald Tramp, həmçinin Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar və Pakistanın xarici işlər naziri İshaq Dar tərəfindən təsdiqlənib. Danışıqlara ABŞ dövlət katibi Marko Rubio vasitəçilik edib. Hindistan mətbuatı Hindistanın hava məkanında - Cammu və Kəşmir, Qucarat, Racastan, Pəncab və başqa yerlərdə Pakistanın onlarlapilotsuz təyyarəsinin olduğunu iddia edib. Zərbələrdən birində hindistanlı hərbçinin həlak olduğu bildirilir. Hindistanın yüksək rütbəli zabitlərindən biri olan Raqhu Nair bildirib ki, “Hindistanatəşkəsə əməl edir, lakin hər an öz suverenliyini də müdafiə etməyə hazırdır”. Bununla belə Hindistan hakimiyyəti Hind Suları Müqaviləsinin icrasına, eləcə də Pakistan vətəndaşlarına vizaların verilməsinə mane olmaqda davam edir. Bu arada Pakistan da öz növbəsindəHindistanın pilotsuz təyyarələrdən istifadə edərək Hindistanı atəşkəsi pozmaqda günahlandırır. O da qeyd olunur ki, “atəşkəs qüvvəyə minməzdən əvvəl Pakistan Hərbi Hava Qüvvələri Hindistan silahlı qüvvələrinin S-400 hava hücumundan müdafiə sistemlərini məhv edib”. Pakistan mətbuatı hərbi mənbələrə istinadən xəbər verir ki, Rusiya tərəfindən təchiz edilmiş S-400 hava hücumundan müdafiə sistemi Çin tərəfindən hazırlanmış JF-17 Thunder təyyarəsindən raketlə vurulub
Surxay Əliyev