BAKI, 11 may. TELEQRAF
Yaponiya Müdafiə Nazirliyi yaxın zamanda "Aegis" çoxfunksiyalı izləmə və atəşə nəzarət sistemləri ilə təchiz olunacaq gəmilər üçün elektromaqnit relsli topun tam ölçülü prototipini sınaqdan keçirməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, "Yomiuri" qəzetinin məlumatına görə, bu silahın sınaqları yaxın vaxtlarda keçiriləcək.
Eyni zamanda, Yaponiyanın Ukraynaya silah təchiz etməsi məsələsi ilə bağlı Rusiya tərəfindən sərt açıqlamalar gəlib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, hər hansı bir silah təchizatı Rusiya tərəfindən düşmənçilik kimi qiymətləndiriləcək. Zaxarova Yaponiyanın Ukraynaya silah və hərbi texnika təchiz etməsi halında buna qarşı sərt tədbirlər görüləcəyini vurğulayıb.
Qeyd edək ki, elektromaqnit relsli top partlayıcı maddə istifadə etmədən, elektrik maqnit qüvvəsindən yararlanaraq sursatı böyük sürətlə hədəfə yönəldir. Bu silah, hər hansı bir hava hədəfini, o cümlədən hipersəs sürətində hərəkət edənləri vurmağa qadirdir. Yaponiyanın Müdafiə Nazirliyi uzunluğu 6 metr və çəkisi təxminən 8 ton olan bu qurğunun sınaqlarını həyata keçirməyi planlaşdırır.