Dahi şair-dramaturq, pedaqoq, mütəfəkkir Hüseyn Cavid (1882-1941) Azərbaycan ədəbiyyat və mədəniyyətinin inkişafında mühüm xidmətləri olan şəxsiyyətlərdəndir. Onun nəcib əməllərlə döyünən ürəyi, böyük Vətən sevgisi, əsərlərinin sətirlərində öz əksini tapıb. Dahi şairimiz Vətənin sevincini öz sevinci, kədərini isə öz kədəri bilmişdir. Görünür, məhz bu xüsusiyyətləridir onilliklərdir onun ehtiramla anılmasının səbəbi.
Hüseyn Cavid bütün şüurlu fəaliyyətini ədəbi yaradıcılığa və gənclərin təlim-tərbiyəsinə həsr edib. Daha çox dram əsərləri ilə tanınan müəllif əsərlərində insanlığa düşmən kəsilən qara qüvvələrə qarşı mübarizəyə yer verib. Təəssüf ki, taleyin qəribə oyunlarından sonra şairin özü də bu şər qüvvələrin qurbanına çevrildi, öz həyatı faciə ilə sonlandı. 1937-ci ilin repressiya qurbanı olan Cavid iki il Bakıda Bayıl və Keşlə həbsxanalarında saxlanıldıqdan sonra 1939-cu ildə Maqadana sürgün edildi. Böyük şair uzaq Sibirin buzlu çöllərində qəlbində Vətən həsrətilə 5 dekabr 1941-ci ildə əbədiyyətə qovuşdu.
Hüseyn Cavid Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən şəxsiyyətinə böyük ehtiram göstərilən və yaradıcılığı yüksək qiymətləndirilən mütəfəkkirlərimizdəndir. Dahi siyasətçi ədibin yaradıcılığı ilə bağlı nitqlərinin birində qeyd deyib: “Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur”.
Ulu öndərin təşəbbüsü ilə böyük dramaturqun nəşinin Sibirdən gətirilərək Vətənində dəfn edilməsi Sovetlər rejiminin ən güclü dövrlərində baş tutmuşdu. 1982-ci ilin sonunda Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində təyin olunana qədər Cavidlə bağlı mühüm işlər görmüşdü. Elə həmin ildə Azərbaycanda keçmiş SSRİ-nin heç bir respublikasında analoqu olmayan bir hadisə baş verdi. Cavidin cənazəsi İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndindən Vətənə gətirildi. O zaman çoxları bilməsə də, müəyyən insanlar başa düşürdü ki, bu müşkül işin arxasında kimsə çox güclü bir insan durur. Minlərlə repressiya qurbanından qürbətdən doğma Vətənə qayıdan, ana torpağa qovuşan yeganə şəxs Hüseyn Cavid idi. Bu çətin, məsuliyyətli işin öhdəsindən layiqincə gələn Heydər Əliyev sonralar həmin prosesi belə xatırlayırdı: "Əsərlərini oxuduqca Cavidin Azərbaycan üçün necə böyük bir sərvət olduğunu bir daha yəqin edirsən. Onun qəbrini tapmaq, sümüklərini gətirib doğma torpağında basdırmaq o qədər də asan deyildi. Etiraf edək ki, o dövrlərdə 1937-38-ci illərin qurbanlarına münasibət hələ başqa idi. Cavidə "millətçi", "pantürküst" damğası vurmuşdular. Baxmayaraq ki, yavaş-yavaş Cavidin əsərləri çap olunmağa, teatrlarda göstərilməyə başladı, lakin o damğa hələ də üstündən götürülməmişdi. Odur ki, belə qərara gəlmək mənim üçün o qədər də asan deyildi. Cavidin qəbrini tapdıq. Şairin qızı Turan xanım çox istəyirdi ki, o, Bakıda, Fəxri xiyabanda dəfn olunsun. Mən təklif etdim ki, Cavid Naxçıvanda, anadan olduğu yerdə dəfn edilsin. Qoy tarix aydın etsin hansı təklif daha düz olub! Fəxri xiyabanda yan-yana yatan dahilər çoxdur, lakin Naxçıvan torpağında onun qəbri ziyarətgaha çevriləcək. Mən belə fikirləşdim ki, Cavidin qəbri üzərində Nizaminin, Vaqifin məqbərəsi kimi məqbərə tikilsin. Bundan qabaq isə biz Naxçıvanda onun ev-muzeyini açmışdıq. Zənnimcə, bu, tək xeyirxahlıq deyil, mənim xalqım qarşısında borcumdur. Əgər xalq o dövrdə mənə inanmışdısa, öz taleyini mənə tapşırmışdısa, mən onun haqqında düşünməli idim".
Ümummilli lider Heydər Əliyevin Cavidin taleyinə münasibəti bir böyük siyasətçinin mənsub olduğu ədəbiyyat görkəmli ədəbiyyat və mədəniyyət xadiminə yüksək diqqətinin ən gözəl nümunəsidir.
Cavidlər ailəsinin "sonuncu mogikanı" olan Turan Cavid inanmırdı ki, kommunist rejiminin repressiyaya uğratdığı Hüseyn Cavid yenidən layiq olduğu səviyyəyə ucala bilər. Ulu öndərin 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlməsi və tez bir zamanda Cavid ədəbi irsi ilə maraqlanaraq diqqət və qayğı göstərməsi Turan Cavidin ölmüş ümidlərini dirçəltdi. Ümummilli liderin dediyi kimi, xalqımız hər zaman ona güvənirdi.
Turan Cavid atası haqqında xatirələrindən bəhs edərkən deyib: “Noyabrın 1-dən 2-nə keçən gecə cənazə Şirvanşahlardan Əlyazmaların zalına (indiki AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun binası), ikinci mərtəbəyə gətirildi. Ayın 2-də saat 12-də Əliyev gəldi. Fəxri qarovulda durdu. Sonra Əliyev mənə yanaşdı. 100 illik yubiley tədbirləri ilə maraqlandı, dedim hər şey yaxşıdı, ancaq muzey məsələsi qalıb. Soruşdu harda yaşamısınız, evimizin yerini göstərdim. Sual verdi ki, bura məgər yaşayış binası olub? Dedim ki, xeyr, seminariyaydı, amma iki ailə burada yaşayıb, Pənah Qasımovun və Cavidin ailəsi”.
Ulu öndər Naxçıvana qayıdandan sonra ilk öncə Cavidin məzarını ziyarət etmişdi və hətta yerli vəzifə sahiblərini danlamışdı ki, mən bu qədər əziyyətlə Cavidi gətirdim, siz isə bir dənə qəbir də düzəldə bilməmisiniz...”.
Ulu öndər Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan bir müddət sonra Turan xanımın müraciəti ilə 1995-ci ildə Cavidin vaxtilə iqamət etdiyi mənzildə ev- muzeyinin açılması və Milli Elmlər Akademiyasının tabeliyinə verilməsi ilə bağlı qərar qəbul olundu. Daha sonra məqbərənin layihələrinə baxıldı. Turan Cavid qardaşı Ərtoğrol Cavidin də məqbərəyə köçürülməsini Ulu öndərdən xahiş etmişdi. Turan xanımın qəlbində anası Mişkinaz xanımın nəşinin də məqbərəyə köçürülməsi arzusu olsa da, bunu heç cür Heydər Əliyevə deyə bilməmişdi. Rəhbərdən ardıcıl xahişlər etmək onun üçün ağır idi.
O, 1996-cı il iyunun 21-də dövlət xadimi Vəli Axundovun 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə, heç ümid etmədiyi bir halda Heydər Əliyevlə yenidən rastlaşdı. Turan Cavid deyir ki: "Ümid etməzdim ki, elə bir yerdə Əliyevi görüb sözümü deyə bilərəm. Elə oldu ki, biz çıxanda Əliyev foyedə akademiklərlə söhbət edirdi, məni görüb çağırdı. Yaxınlaşıb salam verdim. Çox sevinclə: "Xəbərin var, məqbərəni tikirlər", – dedi. "Bəli, eşitmişəm". Əlavə etdi ki, mən də gedəcəm. "Çox gözəl", – dedim. Doğum tarixini bir də soruşdu. İstədiyi o idi ki, məhz 24-də açılsın məqbərə. Əliyev söhbət etdikcə hiss edir ki, məndə o sevinc yoxdu. Birdən nəsə dayandı, diqqətlə üzümə baxdı: "Nə sözün var, de". Mən təəccüb elədim. Söz məni elə tutmuşdu ki, birdən-birə cavab verə bilmədim. "De, çəkinmə, de, nə demək istəyirsən, de". Dedim ki, mümkün olsaydı, Anamın da məqbərəyə köçürülməsini istərdim. "Çox istəyirsən?". "Çox!" deyə cavab verdim. "İstəyirsən, tapşırım". "Bütün sözlər minnətdarlıq üçün çox zəifdi", – dedim. "Səninçün eləmirəm ki... Onlar buna layiqdi", – dedi. Ertəsi gün öyrəndim ki, artıq layihə idarəsinə tapşırıq verilib. Vaxtilə Əshabi-kəhfdə etdiyim duaların ikisi də yerinə yetdi. Üçünü bir yerdə görməyi və ev-muzeyinin açılmasını istəmişdim. Oldu, yerinə yetdi və sentyabrın 13-də anamı buradan apardıq. Özləri təşkil etdilər. 13-də Ərtoğrol, 14-də isə Ana qoyuldu məzara".
Ulu öndərin təşəbbüsü ilə 29 oktyabr 1996-cı ildə Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılış mərasimi keçirilib. Heydər Əliyev mərasimdə çıxışında deyib: "Mən çox məmnunam, sevinirəm ki, 15 il bundan əvvəl qəbul etdiyim qərar həyata keçir. Mənim arzularım həyata keçir. Mən sizi də, özümü də bu münasibətlə təbrik edirəm. Hüseyn Cavidin məqbərəsi Naxçıvanın memarlıq tarixində yeni bir səhifədir. Naxçıvanda böyük memarlıq, milli-mədəni abidələrimiz var. Bu abidə də həmin ənənələrin davamıdır. Ümidvaram ki, Möminə xatın abidəsi kimi bu abidə də əsrlər boyu yaşayacaqdır. Güman edirəm ki, gələcək nəsillər bu günü xatırlayacaq və bu abidəni yaradanları unutmayacaqdır".
2002-ci il oktyabrın 24-də Cavidin 120 illik yubiley ilində Bakıda Hüseyn Cavidin Ev-Muzeyi açıldı. Bu tarixi hadisədən bir gün öncə Heydər Əliyev "Hüseyn Cavidin 120 illiyi haqqında" sərəncam imzaladı. Muzeyin açılışında Ümummilli lider muzeyin çox maraqlı olduğunu bildirmişdi. O güman edirdi ki, Hüseyn Cavid yaradıcılığı və onun həyatı ilə maraqlanan insanlar bu muzeydə maraqlı eksponatlar görə biləcəklər. Həm də yaradıcılıqla, elmi işlə məşğul olanlar orada özləri üçün lazımi məlumatlar toplaya bilərlər.
Hüseyn Cavid ölməz əsərləri ilə adını tarixdə əbədiləşdirmiş sənətkarlardandır. Heydər Əliyev isə bu əbədiliyi tamamlayan və ona layiq olduğu qiyməti verən müdrik dövlət xadimidir.
Bəli, Ümummilli liderimiz Heydər Əliyev hər zaman xalqının, ölkəsinin taleyini, tarixini düşünürdü. Məhz bu səbəbdən o, ədəbiyyatımızın zənginləşməsi, klassik irsimizin qorunması, daha geniş tədqiq olunması və dünyaya tanıdılması istiqamətində vaxtında doğru qərarlar qəbul etmişdi. Mürtəce rejimin repressiya dalğasında qərq olan, lakin parlaq yaradıcılıq miras qoyan Cavid əfəndi də, Azərbaycanın etibarlı gələcəyi üçün misilsiz xidmətlər göstərən dahi siyasətçi Heydər Əliyev də xalqımızın qəlbində əbədi yaşayacaq.
Günel Yəhyalı
Hüseyn Cavidin Ev-Muzeyinin əməkdaşı