Tanınmış menecer Erkin İbrahimov “Kəpəz” klubunun yeni rəhbərliyində yer alacaq.
Futbolpress.az xəbər verir ki, o, İdarə Heyətinin sədri Namiq Qədirovun idman məsələləri üzrə müşaviri təyin edilib.
İbrahimov təyinatı haqda sosial şəbəkə hesabında bunları yazıb:
“İlk öncə klub rəhbərliyinə göstərilən etimada görə minnətdarlığımı bildirmək istərdim. Gəncə mənim üçün doğma şəhərdir. Futbol ilə nəfəs alanlar üçün Gəncə dedikdə ilk öncə “Kəpəz” yada düşür. Ölkəmizin ən tarixi, ən titullu klublarından birində çalışmaq olduqca qürurvericidir.
Klubun formalaşan yeni idarəçilik komandasının bir parçası olmaq qürurvericidir olduğu qədər məsuliyyətlidir. İnanıram ki, birlikdə tapşırılan missiyanın öhdəsində gələcəyik. Birlikdə dedikdə şəhər futbol ictimaiyyətini, o cümlədən çoxminli azarkeş ordusunu, “Kəpəz”ın uğurları tər tökmüş veteranları da nəzərdə tuturam.
Kluba rəsmi təyinatımız “Kəpəz”in Premyer-Liqada qalması ilə eyni günə təsadüf etdi. Məlum səbəblərdən son illər “Kəpəz” yüksək liqada qalmaq uğrunda mübarizə aparırdı. Şadam ki, klubda çalışanların, məşqçilər korpusu və oyunçuların əməyi hesabına “Kəpəz” növbəti mövsümdə də ölkəmizin ikinci şəhərini Premyer-Liqada təmsil edəcək.
Futbol komanda oyunudur. Yeni idarəçilik komandasında təmsil olunanların hamısı Gəncəyə bağlı, futbolu sevən insanlardı. Əsas məqsədimiz “Kəpəz”i tədricən əvvəlki mövqələrə qaytarmaqdır. Təbii ki, bu zaman tələb edir. Ümid edirəm ki, “Kəpəz” camiəsi vahid məqsəd uğrunda birləşərək, bu missiyada bizə dəstək verəcək”.