Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Almaniya Federativ Respublikasının kansleri Fridrix Merts ilə, Moskva Qərbin təklif etdiyi Ukrayna ilə 30 günlük atəşkəsə razılaşmadığı təqdirdə, “Şimal axını-2” qaz kəmərinin bloklanması imkanını müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti Aİ-dən adı açıqlanmayan məmurlara istinadən yazıb.
“Fon der Lyayen cümə günü Brüsseldə səfərdə olan Almaniyanın yeni kansleri Fridrix Merts ilə blokun (Aİ-nin – red.) “Şimal axını-2”yə qarşı sanksiyalar tətbiq etməsi ideyasını müzakirə edib”, – məlumatda qeyd olunub.
Nəşrə görə, “Şimal axını-2”yə sanksiyaların tətbiqi Aİ-nin Rusiyaya qarşı son vaxtlar təklif etdiyi sanksiyalar paketindən ayrı həyata keçiriləcək. Mənbələr iddia edir ki, yuxarıda qeyd olunmuş tədbir, Rusiya Ukrayna ilə atəşkəsdən imtina etdiyi və ya “onu pozduğu” təqdirdə, həyata keçiriləcək.
WSJ vurğulayıb ki, belə bir tədbir bütün Aİ üzv dövlətlərinin dəstəyini tələb edəcək.