"İranın Rusiyaya raketlər tədarükü Trampın sülh səylərinə zərbə vuracaq..."
İran yaxın vaxtlarda Rusiyaya ötən il Ukraynaya zərbələr endirmək üçün təhvil verdiyi yaxınmənzilli ballistik raketlər üçün buraxılış qurğuları göndərəcək.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Qərb təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat verib.
Qeyd edilir ki, "Fath-360" buraxılış qurğularının tədarükü Rusiyanın Ukraynada cəbhədə hücumlarını dəstəkləməyə kömək edəcək və Moskva ilə Tehran arasında təhlükəsizlik sahəsində əlaqələrin daha da dərinləşdiyini göstərəcək.
Analitiklərin fikrincə, 120 km uçuş məsafəsinə malik "Fath-360" raketləri Rusiya qoşunlarına Ukrayna Silahlı Qüvvələrinə, yaxınlıqdakı hərbi obyektlərə və Rusiya sərhədi yaxınlığında yerləşən yaşayış məntəqələrinə zərbə endirmək üçün yeni silah təqdim edir.
Nəşr xatırladır ki, İran 2024-cü ilin sentyabrında Rusiyaya Rusiya bayrağı altında üzən doqquz gəmi ilə raketlər göndərib. Lakin "Reuters" mənbələrinin bildirdiyinə görə, həmin vaxt buraxılış qurğuları tədarükə daxil edilməyib. İndi isə buraxılış qurğuları ilə birlikdə Rusiya Ukraynaya təzyiqi daha da gücləndirə biləcək.
Ekspertlərin fikrincə, "Fath-360" raketlərinin yerləşdirilməsi Rusiyaya daha təkmil raketlərini, məsələn, "İsgəndər"ləri kritik infrastruktur obyektlərinə uzaqmənzilli zərbələr üçün saxlamağa imkan verəcək və bu da Ukraynanın məhdud raket əleyhinə müdafiə resurslarını daha da yükləyəcək.
"Rusiyalılar üçün yüksək dəyərli hədəflərə zərbə endirmək daha asan və sürətli olacaq. "Fath-360"-ların buraxılması üçün çox hazırlıq tələb olunmur. Onların uçuş müddəti inanılmaz dərəcədə qısadır", - Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun əməkdaşı Fabian Hints bildirib.
Niderland Hərbi Akademiyasının dosenti Ralf Savelsberqin sözlərinə görə, "Fath-360" "az hazırlıq keçmiş şəxslər tərəfindən idarə olunmaq üçün hazırlanıb".
"Rusiya niyə İranın keyfiyyətsiz raketlərini alır? Yeganə məntiqli səbəb odur ki, onlar öz raketlərini kifayət qədər istehsal edə bilmir", - o,
bildirib. "O raketlər çox dəqiq deyil və böyük döyüş başlığı da daşımırlar. Amma bu, Ukrayna üçün əlavə başağrısıdır", - ekspert vurğulayıb.
Nəşr əlavə edib ki, bu tədarük ABŞ prezidenti Donald Trampın Ukraynada müharibənin dayandırılması və İranın nüvə proqramını məhdudlaşdırmaq üçün ayrıca razılaşma əldə olunması üzrə səylərini çətinləşdirir.