PSJ-nin baş məşqçisi, ispan mütəxəssis Luis Enrike Fransa nəhənginin Çempionlar Liqasının final oyununa hazırlığından söhbət açıb.
Arena.az PSJ-nin rəsmi saytına istinadən, ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Bizim müəyyən planımız var, bu, bizim oyun vaxtımızdan və mövsüm ərzindəki səfər get-gəllərinin vaxtından asılıdır. Biz bütün bunları yaxşıca tarazlamalı və hər iki final oyununa (həmçinin Fransa Kubokunun finalı – redaktorun qeydi) ən yaxşı vəziyyətimizdə yanaşmalıyıq. Çempionlar Liqasının finalından sonra oyunçuların böyük əksəriyyəti özlərinin milli yığma komandalarına qoşulacaqlar, ona görə də hər oyunçuya fərdi plan gərəkdir. Biz bunu onlara verə bilmişik, bizim bir neçə oyunumuz qalıb ki, müəyyənləşdirdiyimiz məqsədlərə çata bilək. Futbolçular bu oyunlara psixoloji olaraq təravətli yanaşmalıdırlar.
Qarşıda bizi “Monpelye” və “Oser”lə oyunlar (Fransa Liqa 1-də – redaktorun qeydi) gözləyir və bu, bizə əldə rəhbər tutduğumuz plana uyğun fəaliyyət göstərməyə kömək edəcək”, deyə Luis Enrike vurğulayıb.
Xatırladaq ki, mayın 24-də PSJ Fransa Kuboku uğrunda “Reyms”lə final oyununa çıxacaq. Bir həftə sonra, mayın 31-də isə Fransa nəhəngini Münhenin “Alyans Arena” stadionunda İtaliya nəhəngi “İnter”lə Çempionlar Liqasının final oyunu gözləyir.