“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi”nin icrası ilə əlaqədar həyata keçirilən layihə çərçivəsində Özbəkistanın bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxsləri və media nümayəndələrindən ibarət heyət Bakının tarixi və mədəni məkanları ilə tanış olub.
Nümayəndə heyəti əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edib. Burada qonaqlara Azərbaycanın şanlı mübarizə tarixi, şəhidlərimizin fədakarlığı və milli-mənəvi dəyərlərimiz haqqında məlumat verilib. Sonra onlar Dağüstü parkdan Bakının mənzərəsini seyr ediblər.
Qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edərək Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti ilə tanış olublar, eləcə də ölkənin ictimai-siyasi inkişaf mərhələlərini əks etdirən müasir memarlıq üslubu və innovativ yanaşmalarla formalaşdırılmış ekspozisiyalara baxış keçiriblər.
İçərişəhər turu çərçivəsində isə ölkəmizin beynəlxalq səviyyədə tanınan simvolu Qız qalasına və onun yaxınlığında yerləşən Buxara və Multani karvansarası, Miniatür Kitab Muzeyi və Xan sarayına baş çəkilib, Sıratağlı dini-memarlıq kompleksi ziyarət edilib. Nümayəndə heyəti Şirvanşahlar Sarayı, Dördbucaqlı Qala və Yeraltı hamam kimi İçərişəhərin memarlıq abidələri, həmçinin Bakı Xanlar Parkı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən bu il ölkəmizdə 150 illik yubileyi geniş qeyd olunan Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin heykəli və Qoşa Qala qapısının tarixi ilə tanış olublar.
Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edən qonaqlara Azərbaycan xalqının qədim zamanlardan müasir dövrə qədər keçdiyi tarixi inkişaf yolu, dövlətçilik ənənələri və mədəni irsi, muzeyin zəngin kolleksiyası, nadir tarixi eksponatları və elmi ekspozisiyasından bəhs olunub.
Azərbaycan Milli Xalça Muzeyi ilə tanışlıq zamanı isə qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında ətraflı məlumatlar verib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası unikal gözəlliyin, materialın, yaratma texnikasının və xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir. Qeyd olunub ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd edilir.
Qeyd edək ki, Özbəkistan nümayəndə heyətinin ölkəmizə səfəri 9 may tarixində yekunlaşıb.















































