AZ

Marneulidə "Müstəqil Azərbaycan Konstitusiyasının müəllifi Ümummilli Lider Heydər Əliyev-102" adlı tədbir keçirilib

Tbilisi, 10 may, AZƏRTAC

Mayın 10-da Marneulidə "Müstəqil Azərbaycan Konstitusiyasının müəllifi Ümummilli Lider Heydər Əliyev-102" adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi, İnkişaf və Təhsil Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə Marneulidəki "Çay Evi"nin nəzdində fəaliyyət göstərən "Bazar günü" məktəbinin şagirdlərindən ibarət xor qrupu Azərbaycan və Gürcüstanın

Dövlət himnlərini ifa ediblər. Sonra səfir Faiq Quliyev çıxış edərək Ulu Öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin inkişafı, dünya dövlətləri sırasında mövqeyinin möhkəmlənməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin bilavasitə iştirakı ilə qəbul olunan ilk milli Konstitusiyamız dövlətimizin inkişafının hüquqi əsasını qoyub. Dünyaşöhrətli siyasi və dövlət xadimi Heydər Əliyev daim dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların, eləcə də Gürcüstandakı soydaşlarımızın qayğısına qalıb. Onun sözlərinə görə, Ulu Öndər soydaşlarımıza qayğısını sözdə deyil, əməllərində göstərib.

"Gürcüstanda yaşayan azərbaycanlılara Azərbaycan dövlətinin diqqət və qayğısı davam etdirilir. Soydaşlarımızla bağlı məsələlər hər zaman diqqətdə saxlanılır”, – deyə F.Quliyev vurğulayıb. Diplomat deyib ki, Heydər Əliyev təzyiqlərə baxmayaraq, Azərbaycanın dünya miqyasında nüfuzlu dövlətə çevrilməsi üçün yorulmadan çalışıb.

Marneuli şəhərinin meri Kənan Ömərov çıxışında Gürcüstan-Azərbaycan dostluq münasibətlərinin inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin rolunu xüsusi qeyd edib. Bildirib ki, Heydər Əliyev Gürcüstanda da böyük məhəbbətlə sevilir. Onun xatirəsi daim qəlblərdə yaşayacaq.

Təhsil və İnkişaf Mərkəzinin rəhbəri Emin Əhmədov Ulu Öndərin diqqət və qayğısı, əsasını qoyduğu siyasət nəticəsində bu gün Gürcüstanda yaşayan soydaşlarımızın təhsil probleminin həll olunduğunu duqqətə çatdırıb. Onun sözlərinə görə, hər il may ayının 10-nun Marneulidə təntənəli şəkildə qeyd olunması məqsədəuyğun olardı. Bu cür tədbirlər gənc nəslin Ulu Öndərin həyat və fəaliyyəti barədə daha dolğun məlumat almaları və Ümummilli Liderin xatirəsinin qəlblərdə daim yaşatmaları üçün mühüm əhəmiyyət kəsb edəcək.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

"Buta" ansamblının üzvləri tədbir iştirakçılarına Azərbaycan və gürcü milli rəqslərini təqdim ediblər. İstedadlı gənc müğənni Şaban Məmmədov, vokalçı İamze Jakeli Azərbaycan və gürcü dillərində mahnılarla çıxış ediblər.Tədbirdə, həmçinin müxtəlif sahələrdə gənclərin inkişafına verdikləri töhfələrə görə bir qup soydaşımız təltif olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
0
azertag.az

1Mənbələr