AZ

"Vyetnam liderinin səfəri mühüm əhəmiyyət kəsb edir" - Deputat

"Prezident İlham Əliyevin “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə Azərbaycanla Vyetnam arasında möhkəm dostluq mühitinin inkişafını və gələcək əməkdaşlığın yeni istiqamətlərini əhatə edən vacib məqamları ön plana çıxarır. Yarım əsrə yaxın bir dövr ərzində mövcud olan etimad hər iki dövlətin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətini gücləndirir".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Parlamentari  bildirib ki, ikitərəfli münasibətlərin inkişafından bəhs edərkən ilk növbədə qeyd etmək lazımdır ki, qarşılıqlı səfərlər fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm təsir göstərib.

"1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycan SSR-ə səfəri ikitərəfli əməkdaşlığın təməlini qoyub. Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama etdiyi səfər isə bu əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaradıb. 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın ölkəmizə etdiyi rəsmi səfər qarşılıqlı təşəbbüslərin reallaşmasına töhfə verib.  

 İki dövlət arasında mədəni və təhsil sahələrində əməkdaşlıq daha da genişlənib. Sovet dövründə ölkəmizdə minlərlə vyetnamlı tələbə təhsil alıb və onların bir çoxu bu gün Vyetnamda müxtəlif dövlət və özəl strukturlarda yüksək vəzifələr tutur. Bu məzunlar iki ölkə arasında dostluq körpüsü rolunu oynayaraq tərəfdaşlığın möhkəmlənməsinə töhfə verirlər. Hanoyda fəaliyyət göstərən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası isə bu istiqamətdə mühüm rol oynayır.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Vyetnamda bir sıra layihələr həyata keçirib. 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin inşası bu fəaliyyətlərin bariz nümunəsidir. 2025-ci ilin aprelində Fondun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Səfər zamanı Hanoy Ticarət və Turizm Kollecinin rəhbərliyi ilə görüşlər keçirilib və Fondun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib.

Azərbaycan ilə Vyetnam turizmin inkişafı istiqamətində böyük potensiala malikdir. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafını sürətləndirəcək və dövlətlərarası mədəni əlaqələri möhkəmləndirəcək.  

Bu dost ölkələrin strateji işbirliyi tarixən möhkəm bir təməl üzərində qurulmuşdur və gələcək inkişaf üçün geniş imkanlar mövcuddur.  Mayın 7-də Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə kimi böyük əhəmiyyətə malikdir. Səfər çərçivəsində tərəflər qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi məqsədilə müxtəlif sahələrdə yeni inkişaf istiqamətlərini müzakirə ediblər. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, Vyetnam lideri cənab Lamın səfəri daha fəal əməkdaşlığa mühüm təkan olacaq, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq".  

Seçilən
0
4
unikal.az

10Mənbələr