Qusar Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əvvəlcə rayon ərazisində fəaliyyət göstərən müəssisələrin kollektivləri və ictimaiyyət nümayəndələri tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq, xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH başçısı Aparatının məsul şəxsləri, YAP Qusar Rayon Təşkilatının sədri və kollektivi, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov müstəsna xidmətləri ilə əbədilik qazanan Heydər Əliyevin mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqqında söhbət açıb.
Daha sonra tədbirdə Milli Məclisin deputatı Azər Badamov, Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədri David İbramxəlilov, “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunmuş Rayon Ağsaqqallar Şurasının sədri Sənan Xəlilov və Partiya veteranı Əliyulla Ağalarov dahi rəhbərin misilsiz xidmətlərindən bəhs ediblər.
Tədbirdə fəal gənc Rəmziyyə Əliyeva və Nuray Rəhimovanın Ulu Öndər Heydər Əliyevlə bağlı çıxışları dinlənilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.