AZ

“Xəzər TV” 3 dəfə məhkəmədə uduzub, amma borcu ödəmir

“Burda sual yaranır ki, əgər biz serialı keyfiyyətsiz çəkmişdiksə, niyə 10 bölümün ödənişini, yəni 20 000 AZN-i bizə köçürüblər?!”

Tribunainfo.az xəbər verir ki, “KANQ MEDİA PRODUCTİON” MMC-nin rəhbəri Kənan Fərzəliyev tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. “Xəzər TV” və “M Group Production” MMC-dən şikayət edən K.Fərzəliyev iddia edir ki, hər iki şirkətin rəhbərliyi müqavilə və məhkəmə qərarları ilə ona ödəməli olduqları vəsaiti verməkdən imtina edirlər:

“Bildirim ki, 12 yanvar 2021-ci il tarixində mənim təsisçisi və direktoru olduğum “KANQ MEDİA PRODUCTİON” MMC ilə “M Group Production” arasında serial çəkilişinə dair müqavilə imzalandı. Və mən öz komandamla “Xəzər TV”-nin sifarişi ilə “Zeynəb” teleserialının istehsalına başladıq.

Haşiyəyə çıxaraq qeyd edim ki, “M Group Production” MMC ilə müqavilə bağlanmamışdan əvvəl, eyni serialın çəkilişinə görə “Xəzər TV” ilə müqavilə bağlanılmışdı. Sonra “Xəzər TV”-nin adını çəkmək istəmədiyim, kanalın rəhbər vəzifələrindən birini tutan əməkdaşı mənə dedi ki, “Xəzər TV”-nin büdcəsində maliyyə azdır deyə, müqaviləyə xitam verək. O, bütün şərtlər eyni qalmaqla, “M Group Productionla” müqavilə imzalamağı təklif etdi. Beləliklə, 1 bölümü 2 000 AZN olmaqla serialın sifarişi olundu və biz çəkilişlərə start verdik.

İlk 17 bölüm təhvil verildikdən sonra, kanal 8000, 8000 və 4000 AZN olmaqla 20 000 AZN “KANQ MEDİA PRODUCTİON” MMC-nin bank hesabına vəsait köçürdü. Biz çəkilişlərə davam etdik və köçürülən vəsait tam olaraq serialın istehsalının bir hissəsinə xərcləndi. Sonralar yenə çəkilişlərin və montaj prosesinin dayanmaması üçün qalan vəsaitin köçürülməsinə ehtiyac yarandı. Bunu “Xəzər TV”-yə bildirdikdə kanal rəhbərliyi müxtəlif bəhanələrlə ödənişi etməkdən yayınırdı.

Kənan Fərzəliyev

Qeyd edim ki, müqavilə “M Group Productionla” bağlansa da, bütün işgüzar danışıqlar “Xəzər TV”-nin rəsmi ofis binasında və “Xəzər TV”-nin əməkdaşları ilə aparılırdı. Və sonda kanaldan mənə “qalan bölümlərin hamısını çək təhvil ver, ondan sonra qalan bütün pulları ödəyəcəyik” dedilər. Əlavə etdilər ki, hazırda büdcədə yetərli vəsait yoxdur. Mən isə, müəyyən qədər borca girib, həmçinin, kredit götürüb çəkilişləri sona çatdırdım və bölümləri montaj edib kanala təhvil verməyə başladım.

Qeyd edim ki, tapdığım pul yalnız çəkilişə heyətinin yemək, nəqliyyat xərclərinə, eləcə də montaj prosesinə çatırdı. Bu səbəbdən, aktyorlar, texnika və texniki heyətin heç birinin hələ də ödənişlərini edə bilməmişəm.

Bütün bölümləri təhvil verəndən sonra kanalın OTK adlandırılan şöbəsi serialın bölümlərinin normal olduğunu, yalnız xırda texniki düzəlişlərdən sonra tam efirə yararlı olacağını bizə bildirdi. Qeyd olunan düzəlişləri edib, yenidən bölümləri kanal təhbil verdikdə, rəhbərlik artıq serialdan imtina etdiyini, səbəb olaraq isə serialın keyfiyyətsiz çəkildiyini və keyfiyyətsiz formada montaj olunduğunu əsas gətirdi.

Burda sual yaranır ki, əgər biz serialı keyfiyyətsiz çəkmişdiksə, niyə 10 bölümün ödənişini, yəni 20 000 AZN-i bizə köçürüblər?! Üstəlik, 17 bölüm bizdən təhvil alıblar. Digər tərəfdən, əgər belə bir şey var idisə, niyə bizə “serialı tam şəkildə çəkin gətirin, qalan pulu ödəyək” dedilər?!

Mən dəfələrlə kanal rəhbərliyinə dedim ki, heyətin pulu verilməyib, burda 32 nəfərə yaxın insan əziyyət çəkib, onlar zəhmət haqqını almalıdır. Ancaq onlar yenə də pulu ödəmək əvəzinə, öz fikirlərində qaldılar və üstəlik köçürdükləri 20 000 AZN ödənişi də məndən geri tələb etdilər. Belə olan halda, mən artıq məcburən məsələni məhkəmə yolu ilə həll etmək qərarına gəldim. Ölkəmizin hüquq məhkəmə sisteminə güvəndim və vəkilim Şahin Rəfiyev vasitəsilə hüquqi şəxs olaraq “KANQ MEDİA PRİDUCTİON” adından Bakı Kommersiya Məhkəməsinə “M Group Production” MMC-dən şikayət verdim. Qarşılıq olaraq, onlar da eyni vaxtda mənim şirkətimdən məhkəməyə şikayət verdilər və ödədikləri 20 000 AZN-i məhkəmə vasitəsilə yenidən məndən istədilər. Şikayətimə tam ədalətli şəkildə baxıldı və mən qalib gəldim.

Məhkəmə şikayətimi tam təmin etməsə də, qismən etdi və “Xəzər TV”-nin borclu qaldığı məbləğin bir hissəsinin mənə ödənilməsi barədə qərar verdi. Bu məbləğ isə yalnız serialın bütün istehsal xərclərini ödəməyə kifayət edə bilər və mənim heç bir gəlirim olmur. Buna baxmayaraq, mən yenə də qərardan apellyasiya şikayəti vermədim və qərara razı oldum.

Ancaq “M Group Production” (bilavasitə “Xəzər TV”) qərardan Apellyasiya şikayəti verdi və qərara Bakı Apellyasiya Məhkəməsində işə yenidən baxıldı. Yenə də ədalətli qərar çıxarıldı və Bakı Kommersiya Məhkəməsinin qərarı qüvvədə saxlanıldı. “M Group Production” bu qərardan yenə narazı qalaraq Ali Məhkəmə şikayət verdi. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək, işə natamam baxıldığını və serialın keyfiyyətinin xüsusi ekspertlər tərəfindən yoxlanılmasını tələb etdi.

Bakı Apellyasiya Məhkəməsində işə yenidən baxıldı və serialın keyfiyyətinin yoxlanılması üçün Mədəniyyət Nazirliyinin tabeliyində olan Kino Agentliyindən və Azərbaycan Kinomatoqrafçılar İttifaqından müvafiq ekspertlər təyin edildi. Hər iki ekspert serialın tam keyfiyyətlə çəkildiyini və aradan qaldırılması mümkün olan çox az və xırda qüsurların olduğu haqqında rəy verdilər. Verilən rəylərə əsasən, Bakı Apellyasiya Məhkəməsi növbəti dəfə “M Group Production”un apellyasiya şikayətini ləğv edərək, Bakı Kommersiya Məhkəməsinin qərarını qüvvədə saxladı.

Beləliklə, mən ardıcıl olaraq 3 məhkəmədə qalib gəldim. Bundan sonra biz qarşı tərəfin daha Ali Məhkəməyə şikayət verməyəcəyini və pulumuzu ödəyəcəyini düşünürdük. Lakin “M Group Production” (bilavasitə “Xəzər TV”) serialda işləyən bütün kollektivin halalca haqqı olan pulu ödəməmək üçün növbəti dəfə qərardan Ali Məhkəməyə şikayət verdi.

Mən yenə də qanunun aliliyinə və məhkəmənin ədalətinə güvənirəm. Ancaq artıq 4 ildir ki, məhkəmələri gəzməkdən yoruldum. Bilmirəm, şikayətimi artıq necə və hara edim?! Media vasitəsilə “Xəzər TV” və “M Group Production”dan haqqımız olan pulu istəyirəm. Onların sonuncu şikayəti artıq dövlət qurumu olan Azərbaycan Kino Agentliyinin qərarını heçə saymaqdır. Bu da elə Dövlət qurumuna qarşı çıxmaq deməkdir. Onsuz da məhkəmə qərarı bizə borclu olduqları məbləğin hamısını təmin etməyib, heç olmasa təyin olunan məbləği bizə qaytarın. İnsanların haqqını kəsməyin. Həmçinin bildirim ki, “Zeynəb” serialı 36 bölümdən ibarətdir və bütün bölümləri çəkilib, tam hazırdır. M Group Production isə 36 bölümdən yalnız 10 bölümünün pulunu ödəyib bizə.

Sonda qeyd edim ki, “Xəzər”lə bağladığım müqavilə də, xitam sənədi də və sonradan “M Group Production”la bağladığım müqavilələr də məndə qalır. Lazım olduğu təqdirdə, onları da sübut olaraq ortaya çıxara bilərəm”.

Seçilən
0
4
tribunainfo.az

5Mənbələr