AZ

ABŞ və Çin rəsmiləri Cenevrədə ticarət müharibəsinin yumşaldılması üçün danışıqlara başladılar- ÖZƏL

Olaylar.az xəbər verir ki,  ABŞ və Çin arasında qlobal iqtisadiyyatı sarsıdan ticarət müharibəsinin yumşaldılması istiqamətində ilk addım atılıb. Çin Dövlət Agentliyinin və danışıqlara yaxın iki mənbənin verdiyi məlumata görə, Çin Baş Naziri müavini He Lipenq şənbə günü səhər Cenevrədə ABŞ Maliyyə Naziri Skott Bessent ilə danışıqlara başlayıb.
Son həftələrdə dünyanın iki ən böyük iqtisadiyyatı arasında gərginlik artaraq qarşılıqlı ticarət rüsumlarının 100%-i keçməsi ilə nəticələnib. Bu qarşıdurma ABŞ Prezidenti Donald Trampın keçən ay bir sıra digər ölkələrə qarşı da yeni gömrük rüsumları tətbiq etməsi ilə daha da dərinləşib, bu isə qlobal tədarük zəncirlərini pozub, maliyyə bazarlarını qeyri-sabit vəziyyətə salıb və dünya iqtisadiyyatında kəskin tənəzzül qorxusunu artırıb.
Danışıqların dəqiq yeri gizli saxlanılsa da, bir şahidin sözlərinə görə, Cenevrənin yaşıllıqlarla əhatələnmiş bir məhəlləsindəki şəxsi iqamətgahın qarşısında onlarla polis maşını gözə dəyib. Eyni zamanda, göl sahilində yerləşən oteldə qalan Çin nümayəndə heyətini daşıyan tünd şüşəli "Mercedes" mikroavtobusları oteli tərk edərkən müşahidə olunub.
ABŞ Maliyyə Naziri Bessent və ABŞ Ticarət Nümayəndəsi Ceymison Qriri də daxil olmaqla ondan çox amerikalı rəsmidən ibarət heyət oteli gülərüzlə tərk edib.  Bessent jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.
Vaşinqton Çinlə ticarət balansını azaltmaq və Pekini öz iqtisadi modelinə yenidən baxmağa, daxili istehlakı artırmağa təşviq etmək istəyir. Bu isə Çin üçün həssas islahatlar deməkdir. Pekin isə ABŞ-nin  bu tələblərini xarici müdaxilə kimi qiymətləndirir və əksinə, Vaşinqtondan tarifləri azaltmağı, hansı məhsulları daha çox almaq istədiyini dəqiqləşdirməyi və beynəlxalq arenada Çinlə bərabərhüquqlu münasibət qurmağı tələb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr