Minsk "Dinamo"sunun azərbaycanlı futbolçusu Nurxan Qasımov Belarusun 17 yaşadək milli komandasına (U-17) çağırılıb.
Sportinfo.az xəbər verir ki, baş məşqçi Pavel Yevseyenkonun çağırdığı 24 nəfərlik heyətdə Nurxanın da adı var.
Klubunda əsasən hücumçu arxasında oyun qurucusu kimi çıxış edən futbolçu milliyə forvard qismində dəvət olunub. Onun rəsmi debütü isə mayın 12-də Ermənistan U-17-si ilə matça təsadüf edə bilər.
Belə ki, Belarus millisi B Liqasında Avropa çempionatının II təsnifat mərhələsi çərçivəsində Ermənistan (12 may), San-Marino (15 may) və Bosniya və Herseqovina (18 may) ilə qarşılaşacaq.
Bosniya və Herseqovinada keçiriləcək yarışda qalib komanda A Liqasına vəsiqə qazanacaq.
Nurxan Qasımov "Dinamo"nun cari mövsüm U-17 Liqasında keçirdiyi oyunlarda 11 qol vurub və 9 dəfə məhsuldar ötürməyə imza atıb (prosport.az).