AZ

Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevi hər zaman böyük iftixarla xatırlayacaq » AzadMedia.az


Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Tarixdən də məlum olduğu kimi bir çox dövlətlərin və xalqların taleyində görkəmli şəxsiyyətlər və siyasi liderlər böyük rol oynayıblar. Xalqımızın Ümummilli Lideri, müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev də belə şəxsiyyətlərdəndir. Heydər Əliyev görkəmli dövlət və siyasi xadim olaraq respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə üzərinə düşən missiyaları uğurla yerinə yetirmiş, respublikamızın inkişafını, dövlətçiliyimizin və müstəqilliyimizin əbədi olmasını qətiyyətlə təmin etmişdir.
May ayının 10-da Ulu Öndərin anadan olmasının 102-ci ildönümü tamam olur. Bu günlərdə hər birimiz Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz və tarixi xidmətlərinə bir daha nəzər yetirməklə, həm də böyük şəxsiyyətin xatirəsinə öz dərin ehtiramımızı bildiririk.
Ulu Öndər Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmiş və bunların hər biri tariximizə qızıl hərflərlə həkk olunmuşdur. İlk dəfə 1969-1982-ci illərdə respublikamıza rəhbərlik edən Heydər Əliyev bu dövrdə Azərbaycanı keçmiş ittifaqın geridə qalmış aqrar respublikasından inkişaf etmiş sənaye respublikasına çevirmiş, cəmiyyət həyatının bütün sahələrində yüksəlişə nail olmuşdur. O illərdə məhz Heydər Əliyevin təşəbbüsləri ilə respublikamızda yeni maşınqayırma, kimya, neft-kimyası, yüngül sənaye, metallurgiya, yeyinti, emal müəssisələri inşa olunmuş, o cümlədən bir sıra strateji əhəmiyyətli istehsal sahələri yaradılmışdı. Bununla Heydər Əliyev Azərbaycanın həm də iqtisadi müstəqilliyi üçün etibarlı zəmin formalaşdırmışdı. Təsadüfi deyil ki, 70-80-ci illərində Ulu Öndərin rəhbərliyi ilə yaradılan iqtisadi imkanlar müstəqil illərində xalqımıza xidmət etmişdir.
O illərdə xalqımızın milli-mədəni yüksəlişi də Heydər Əliyevin adı ilə bağlı olub. Sovet ideoloji tələblərinin hakim olduğu bir şəraitdə Ulu Öndərin böyük cəsarətlə həyata keçirdiyi tədbirlər xalqımızın milli özünüdərkini daha da gücləndirmiş, milli-mənəvi dəyərlərimizin, irsimizin itirilməsinin qarşısını almışdı. Eyni zamanda Heydər Əliyev milli baxışlarına görə təqib olunan ziyalıları da cəsarətlə qorumuş, onların həbs olunmalarına imkan verməmişdi. «Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında» Prezident İlham Əliyevin sərəncamında Ulu Öndərin ölkəmizə birinci rəhbərliyi ilə bağlı bunlar qeyd olunub: «Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında» Prezident İlham Əliyevin sərəncamında Ulu Öndərin ölkəmizə birinci rəhbərliyi ilə bağlı deyilir: «Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir».
Azərbaycanın sosial-iqtisadi inkişafının, ittifaq miqyasında qabaqcıllar sırasına yüksəlməsinin nəticəsi idi ki, Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olundu. Bu vəzifədə çalışdığı illərdə də xalqımızın dahi oğlu Azərbaycanın inkişafı ilə bağlı məsələləri diqqət mərkəzində saxlamış, bunun üçün əlindən gələni etmişdir.
1993-cü ilin ağır, keşməkeşli günləri çoxumuzun yadındadır. Ölkədəki dərin siyasi böhran, vətəndaş qarşıdurmasının böyüməsi, Ermənistanın işğalçılıq planlarının genişlənməsi, xarici qüvvələr tərəfindən separatçılığa rəvac verilməsi Azərbaycanın müstəqilliyini və bir dövlət olaraq gələcək taleyini sual altında qoymuşdu. Hakimiyyətdə olan siyasi qruplar isə respublikamızı saldıqları acınacaqlı vəziyyətdən xilas etmək iqtidarında deyildilər. 1993-cü ilin iyununda Gəncədə baş verən qardaş qırğınından sonra xalqımızın təkidlə Ulu Öndər Heydər Əliyevi Bakıya çağırması Azərbaycan dövlətçiliyinin yaşaması, kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi bir ümumxalq qərarı idi. Çünki bütün xalq inanırdı ki, ölkəni düşdüyü böhranlı vəziyyətdən ancaq Heydər Əliyev xilas edə bilər. Məhz həmin gərgin vaxtda Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi tariximizin dönüş nöqtəsi oldu. Ulu Öndərin müdrikliyi sayəsində vətəndaş qarşıdurmasının, qardaş qırğınının qarşısı alındı. Beləliklə, Azərbaycan xalqı qarşısında növbəti tarixi missiyasını qətiyyətlə yerinə yetirən Heydər Əliyev müstəqilliyimizi xilas etdi, ölkəmizi parçalanmaqdan qorudu. Həmin dövrdə baş verənləri təhlil edəndə bir daha görürük ki, yalnız Heydər Əliyev kimi bir şəxsiyyət respublikamızı xilas edə bilərdi.
Ulu Öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərlik etdiyi illərdə dövlətçiliyimizin etibarlı təməlləri yaradıldı. Hüquqi dövlət quruculuğunun, iqtisadi və aqrar islahatların həyata keçirilməsinin, «Əsrin müqavilə»sinin imzalanması ilə Azərbaycanın gələcək inkişafının etibarlı əsasları formalaşdırıldı. Dahi şəxsiyyət Azərbaycanın qüdrətlənməsi üçün respublikamızın malik olduğu bütün imkanları səmərəli səfərbər etdi.
Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri də cənab İlham Əliyevin şəxsində Azərbaycanın daha da inkişafını təmin edən bilən layiqli siyasi davamçısını müəyyənləşdirməsidir. Ulu Öndər Azərbaycan xalqına son müraciətində İlham Əliyevi özünün siyasi varisi olduğunu bəyan edərək demişdir:
“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı, tarixinin ən qüdrətli dövlətinə çevrilməsi Ulu Öndər Heydər Əliyevin nə qədər müdrik və uzaqgörən şəxsiyyət olduğunu təsdiq edir. Azərbaycanın dünya birliyinin nüfuzlu üzvünə və regionda aparıcı dövlətə çevrilməsi, iqtisadi inkişafı, kosmik kluba daxil olması, qlobal enerji təhlükəsizliyi məsələlərində söz sahibi kimi çıxış etməsi və digər uğurlarımız Prezident İlham Əliyevin yürütdüyü yüksəliş siyasətinin və Heydər Əliyev ideyalarının təntənəsidir.
Azərbaycanın müasir tarixinin ən böyük hadisəsi heç şübhəsiz ki, torpaqlarımızın işğaldan azad olunması, ərazilərimizdə erməni separatçılığına son qoyulmasıdır. Vətən müharibəsindəki zəfərimizin və bütün ərazilərimiz üzərində milli suverenliyimizin tam təmin edilməsinin baş memarı olan möhtərəm Prezident İlham Əliyev bununla həm də Heydər Əliyevin ən böyük arzusunu həyata keçirdi, ata vəsiyyətini layiqincə yerinə yetirdi.
Ümummilli Lider Heydər Əliyevin ruhu rahatdır. Çünki yaratdığı, qurduğu Azərbaycan onun müəyyən etdiyi yolla inkişaf edir və daha qüdrətli gələcəyinə doğru inamla addımlayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin əldə etdiyi hər uğur bir daha təsdiq edir ki, Heydər Əliyev siyasəti Azərbaycanın yüksəlişinin etibarlı təminatıdır.
Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevi hər zaman böyük iftixar hissi ilə xatırlayacaq, əziz xatirəsini böyük ehtiramla yad edəcək. Ulu Öndər bütün azərbaycanlılarının qəlbində əbədi yaşayacaqdır.

Seçilən
0
2
azadmedia.az

3Mənbələr