Gürcüstanın Lejbəddin kəndində yaşayan sakinlərə vəzifəli şəxslər yardım adı altında sənədlərə qol çəkdirir. Kənd sakinlərinin əksəriyyətinin savadı olmadığı üçün, gürcü dilini anlamadığından dolayı, sakinlər problemlərlə üzləşir.
Tribunainfo.az xəbər verir ki, bunu edənlər yuxarı vəzifədə çalışan kənd sakinləridir. Onlar sakinlərin xəbəri olmadan bir çox torpaq sahəsini mənisəyiblər.
Bayraməli Bayramov və komandası, hətta Rusiyada yaşayan soydaşlarımızın dəstəyi ilə həmin kənddə, meşədə xeyli sayda ağac əkiblər. Kəndə yaxın ərazidə, bir hektar sahədə meyvə bağı salan komanda sahədə hər bir meyvə ağacının olduğunu vurğulayıb.
Onların bağı salmaqda məqsədi, torpaqların qanunsuz satışının qarşısını almaqdır.
“Çünki bizim yerli əhali arasında yuxarı vəzifədə olan şəxslər əlaltından istifadə edərək həmin əraziləri özəlləşdirib pul qazanmaq üçün gürcülərə satırlar. 5 hektardan artıq ərazidə minə yaxın tut ağacları əkmişik. Kəndimizdə iki qəbiristanlıq var. Həmin qəbiristanlıqlar bərbad vəziyyətdə idi. Qəbiristanlığın içinə mal-qoyun, toyuq-cücə girib ətrafı çirkləndirirdi. Bunu nəzərə alaraq, kəndimizdə məsələ qaldırdım və kənd əhlinin dəstəyi ilə qəbiristanlığa hasar çəkdik. Hal-hazırda burada hələ də iş gedir. Qəbiristanlığın demək olar ki, ön hissəsi bitmək üzrədir. Burada əl-üz yumaq üçün şərait yaratmışıq. Su içmək üçün bulaqlar təşkil etmişik. Qəbiristanlığın girişinə öz büdcəmlə, təmənnasız şəkildə qapı qoymuşam. Yuxarı qəbiristanlıq bitdikdən sonra aşağı qəbiristanlıqda təmir-bərpa işlərinə başlayacağıq.
Eyni zamanda kəndimizin məktəbində və yolun kənarında 60-a yaxın şam ağacları, ümumilikdə 120-yə yaxın ağac əkmişik. Bununla yanaşı xəstələrə, əməliyyat olacaq sakinlərə kömək edirik. Bu ağacların əkilməsində müstəsna rolu olan şəxslərdən biri də Rusiyada yaşayan həmyerlimiz Polad Omarovdur. Öz büdcəsi ilə ağac əkimində bizə dəstək oldu. Bizim gələcək planımızda kəndin giriş və çıxışına da şam ağacları əkərək, kəndimizi gözəlləşdirməkdir.
2008-ci ildən bəri kəndimizdə olan bulağı qurutmuşdular. Biz həmin bulağa külli miqdarda pul sərf edərək, yenidən bərpa etdik. Həmin yeri qazaraq, bulağın mənbəyini tapdıq. Bulaq yenidən kənd sakinlərinin istifadəsinə verildi.
2018-ci ildə Bayraməli Bayramovun qərarı ilə “Kəndimizi qoruyaq” adlı qrup yaradıldı. Kənd sakinləri qrupa cəlb edildi. Rusiyada yaşayan İmran Dərziyevin də ağac əkimində, torpaq satışının qarşısını almaqda müstəsna rolu olmuşdur.
“Kəndimizi qoruyaq” adlı bu qrup yaradıldıqdan sonra demək olar ki, torpaqların satışının az da olsa qarşısını ala bildik. Çünki bütün kəndi ayağa qaldırdıq. Kənd sakinləri də bizə dəstək oldu. Nümayişlər keçirdik. Ümid edirik ki, dövlət də bizə dəstək olacaq və torpaqlarımıza, meşəmizə toxunmayacaqlar. Bizim gələcək nəslimiz baxıb bizdən örnək götürsün. Kəndimizin əvvəlindən başlayaraq qırmızı körpüyə qədər ərazi bizim meşələrdir. Biz istəyirik ki, meşələrimizi qırmasınlar, talan etməsinlər. Demək olar ki, heç nəyimiz qalmayıb. Bütün ağacları məhv edərək doğrayıb tökür, özlərinə torpaq sahəsi yaradırlar. Həmin torpağı da çinlilərə, gürcülərə satırlar. Pomidor əkmək üçün, ferma qurub heyvan saxlamaq üçün sahələr yaradırlar. Bunların hamısını meşələri məhv edərək yaradırlar.
Ən böyük işlərdən öndə gedəni, əsas məqsədimiz karyerlərin fəaliyyətini dayandırmaqdır. Çünki kəndimizdə 8 dənə daş karyeri var. Bu da əl altından mənimsənilibdir. Bizə çox ziyanı var. Belə ki, ətraf mühiti yararsız vəziyyətə salıblar. Hər yeri qazıb töküblər, meşədə ot əvəzinə daş bitir.
Bizim məqsədimiz bu qanunsuzluqların qarşısını almaqdır”.
Hazırladı: Dəniz Pənahova