AZ

Canluici Donnarumma PSJ-dəki gələcəyi ilə bağlı danışdı

PSJ-nin 26 yaşlı italyan əsas qapıçısı Canluici Donnarumma Paris klubundakı gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, Donnarummanın müvafiq cavabını təqdim edir:

“Mənim klubla müqaviləm hələ bir il müddətində qüvvədədir. Hər şey nəinki məndən, həmçinin PSJ-dən asılıdır. Əgər klub istəsə ki, mən qalım, onda mən burada oynamağa davam edəcəyəm. Bizə müqaviləmizin müddətini sadəcə uzatmaq gərəkdir, amma qərar PSJ-nindir”, deyə italyan qapıçı vurğulayıb.

Canluici Donnarumma 2021-ci ilin iyul ayından PSJ-də çıxış edir. Qapıçı “Milan”dan sərbəst keçidlə parislilərin düşərgəsinə keçib. Tərəflər arasındakı müqavilə 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Cari mövsümdə italyan qapıçı parislilərin hetyətində 38 oyuna çıxıb, 38 qol buraxıb, 11 oyunda qapısını toxunulmaz saxlayıb.

Canluici Donnarummanın PSJ-də çıxışının ümumi mənzərəsi 152 oyun, 151 buraxılmış qol və 50 “quru” oyundan ibarətdir.

Donnarumma 2016-cı ilin sentyabr ayında debüt etdiyi və hazırda kapitanı olduğu İtaliya yığma komandasının heyətində 72 oyun keçirib, 63 qol buraxıb, 29 oyunda qapısının toxunulmazlığını təmin edib. Donnarumma “skuadra adzurra” ilə 2021-ci ildə İngiltərədə keçirilmiş Avropa çempionatının (AÇ-2020) qalibi olub.

Futbol uğurlarına gəlincə, Donnarumma “Milan”la İtaliya Super Kubokunun (2016/2017), PSJ ilə Fransa Liqa 1-nin (2021/2022, 2022/2023, 2023/2024, 2024/2025), Fransa Kubokunun (2023/2024), Fransa Super Kubokunun (2022/2023, 2023/2024, 2024/2025) qalibi olub.

Həmçinin Donnarumma Fransa Liqa 1-də mövsümün qapıçısı seçilib (2021/2022, 2023/2024).

“Transfermarkt” internet-portalı 26 yaşlı italyan qapıçının transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
0
arena.az

1Mənbələr