AZ

Tanıdığım və dərk etdiyim Heydər Əliyev

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı – möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin Çin Xalq Respublikasında çox yüksək səviyyədə qarşılanması qəlbimə qürur hissi doldurmaqla yanaşı, mənə 2 il bundan öncə Davosda baş vermiş bir hadisəni xatırlatdı. Düşündüm ki, cənab Prezidentimiz həm də Davosda baş vermiş hadisədə göstərdiyi təpərə görə dünyanın nəhəng dövlətlərində bu sayaq uca hörmətlə qarşılanır.

Xatırladığım bu oldu ki, bəzi dövlət başçıları Davosda Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın qarasına danışanda İlham Əliyev cənabları cəsarətlə yerindən qalxıb dedi ki, “Türkiyənin Prezidenti cənab Ərdoğan burada yoxdur, amma mən buradayam!” Məncə, həm də bu cəsarəti möhtərəm Prezidentimizlə dünya miqyasında hesablaşmağa və onu hər yerdə layiq olduğu tərzdə qarşılamağa müxtəlif dövlətlərin başçılarını səfərbər edir.

Davosda baş verən bu hadisə isə yadıma başqa bir məqamı, 1982-ci ilin sentyabrında Bakıda baş vermiş olduqca maraqlı bir olayı saldı. Və düşündüm: Atalarımız düz buyurub: “Ot öz kökü üstə bitər”.

O vaxt SSRİ rəhbəri Leonid Brejnev sonuncu dəfə Bakıya gələndə keçmiş Lenin Sarayında çıxışı zamanı buradakı tədbirdə oxumalı olduğu çıxışın mətni yerinə Azərbaycan KP MK-da keçirilən qapalı iclasda söylədiyi nitqin mətnini oxumağa başladı (mənə belə gəlir ki, bu hadisəni L.Brejnevin köməkçiləri qəsdən törətmişdilər). Təbii ki, həmin çıxış tamam fərqli idi və tənqidi iradlardan xali deyildi. Ümummilli liderimiz Heydər Əliyev yerindən qalxdı, Leonid Brejnevin söyləyəcəyi nitqin mətnini onun qarşısına qoyub dedi: “Leonid İliç, bunu oxumaq lazımdır!” və Brejnevdəki mətni götürüb yerinə qayıtdı. (Mən həmin tədbirin canlı şahidiyəm, o vaxt Mərkəzi Komitənin təbliğat və təşviqat şöbəsində təlimatçı şöbəsində işləyirdim). Bütün salonu bir anlıq heyrət bürüdü, sonra isə gurultulu alqışlar qopdu. Bu, əsl kişi cəsarəti idi. Güman edirəm ki, o zamankı başqa müttəfiq respublikaların rəhbərlərindən heç biri belə bir cəsarətli addım ata bilməzdi.

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında, yəni Azərbaycan KP MK-da cəmi 6 ay işlədim. Bu qısa müddətdə bir neçə dəfə Heydər Əliyevin keçirdiyi zona müşavirələrində mətbuat işçilərinin fəaliyyətini yönəldən MK təlimatçısı kimi iştirak etdim – Saatlıda, Bərdədə, Xankəndidə, Şuşada, Vaqif Poeziya bayramında.

Görünür, hər kəsin bir tale yazısı var. Və mənim də taleyimə nəhəng şəxsiyyətlə yaxından tanış olmaq qisməti yazılıbmış. Əslində, Heydər Əliyev elə bir şəxsiyyətdir ki, ağlı başında olan adam onunla bilavasitə təmasda olmasa da, ondan nəyisə götürər, nələrəsə sahib ola bilərdi.

Azərbaycan KP MK-ya təlimatçı vəzifəsinə təyin olunmazdan əvvəl mən Bakı Şəhər Partiya Komitəsində təlimatçı işləyirdim. Müxtəlif tədbirlərdə xidməti vəzifəmi yerinə yetirirdim və Heydər Əliyevin nitqinə, insanlarla davranışına, çıxışları zamanı etdiyi hərəkətlərə diqqətlə baxırdım. Bircə dəfə də olsun görmədim ki, Heydər Əliyev nitq söylədiyi zaman hazır mətnə baxsın.

İclaslar neçə saat çəksə də, Heydər Əliyev yorulmaq bilmədən hər kəsə diqqətlə qulaq asır, suallarını verir, cavablarını araşdırırdı. O vaxtlar indiki kimi videokameralar yox idi. Kino çəkən kameraların səsindən hiss edirdi ki, ya çəkiliş lenti bitmək üzrədir, ya da çəkiliş kameralarının mexanizminin yayları yenidən qurulmalıdır. Çıxışın əsas mövzusundan ustalıqla uzaqlaşır, çəkiliş aparatlarının işləməyə hazır olduğunu hiss edir və əsas mövzunu davam etdirirdi. Heydər Əliyev, sanki, ətrafındakı insanların ürəklərini oxuyurdu.

1982-ci ilin iyul ayının 14-də qatarla gəldik Bərdəyə, orada maşınlara minib yollandıq pambıq tarlalarına baxmağa. Rüstəm Səfərəliyev o vaxt Bərdə Rayon Partiya Komitəsinin 1-ci katibi idi. Mən tele və kino, habelə “Azərinform”un jurnalistləri ilə birlikdə mikroavtobusla gedirdik. Qayda belə idi ki, Heydər Əliyevin maşınının qabağında və arxasında yol nəzarəti polisinin maşınları gedirdi. Arxadakı polis maşınından sonra ətraf rayonlardan olan rayon rəhbərlərinin maşınları, yaxud digər vəzifəli şəxslərin olduğu avtomobillər gedirdi. Ən arxada gedən bizim mikroavtobus olurdu. Heydər Əliyev maşından çıxana kimi jurnalistlər özlərini çətinliklə çatdırırdılar. Nə isə, Bərdədə pambıq sahəsinin yanında dayandıq. Heydər Əliyev adəti üzrə pambıq tarlasının dərinliyinə yeridi, qısa bir zamandan sonra dayandı və hirsli halda geri qayıtdı. Sağ ayağındakı ayaqqabı xeyli palçığa batmışdı. Heydər Əliyev Rüstəm Səfərəliyevə hirslə dedi:

“Sən bilirsən ki, mən pambıq kollarına baxmağa gedəcəm, qəsdən tarlaya su buraxmısan ki, yaxşı baxa bilməyim”. O vaxt Heydər Əliyevin mühafizəsində olan Saşa adlı şəxs tez bir qom pambıq götürüb rəhbərin ayaqqabısındakı palçığı təmizlədi.

Heydər Əliyev maşına əyləşəndə mən özümdə cəsarət tapıb yaxınlaşdım qapıya tərəf. Təbii ki, şüşə bağlı idi. Heydər Əliyev diqqətlə üzümə baxdı və başı ilə razılıq işarəsi verdi. Ulu öndər ürəyimi oxumuşdu; rəhbərin maşınına yaxınlaşmaqda məqsədim o idi ki, xahiş edəm – mikroavtobusumuzun öz maşınına yaxın buraxılması barədə tapşırıq versin. Sanki dediklərimi gözlərimdən oxudu. Qayıtdım mikroavtobusa. Polis maşınında olan yüksək rütbəli zabit gəldi ki, “Yoldaş Cəfərov, siz mikroavtobusu mənim maşınımdan sonra sürdürün”.

Gəldik Ağdama. Oradan isə Xankəndiyə. O vaxt vilayət partiya komitəsinin binasının qarşısında Ulu öndəri vilayətin o vaxtkı partiya rəhbəri B.Gevorkov qarşıladı. Möhtərəm Prezidentimiz İlham Əliyev dediyi kimi – “Dağlıq Qarabağ muxtar vilayətinin tabutuna sonuncu mıxı vurduğu” və Bayrağımızı ucaltdığı binanın divarında yalnız erməni və rus dillərində binanın təyinatı barədə yazı var idi. Heydər Əliyev Gevorkova möhkəm təpindi. Biz axşam Şuşadan Xankəndiyə qayıdanda binanın girişində artıq Azərbaycan dilində yazılmış böyük lövhə var idi. Şuşada Vaqif Poeziya bayramı yüksək səviyyədə keçirildi. Xankəndidən sonra biz Bakıya döndük.

Qeyd edim ki, Leonid Brejnevin ayağı mənim taleyimə düşdü. O, sonuncu dəfə Bakıya 1982-ci ilin may ayında gəlməli idi. O vaxt mən Bakı Şəhər Partiya Komitəsində işləyəndə Bakı Hava Limanından tutmuş 20 Yanvar dairəsinə qədər şəhərin tərtibatı ilə mən və Xalq rəssamı Arif Əzizov məşğul idik. MK binasında Heydər Əliyevə və MK büro üzvlərinə tərtibatla bağlı məlumat vermək mənə tapşırılmışdı. Görünür, məlumatım, söhbətim və davranışım Ulu öndərin xoşuna gəlmişdi. Bir neçə gündən sonra məni Mərkəzi Komitəyə dəvət etdilər.

Heydər Əliyev məni Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsinə təlimatçı vəzifəsinə təyin etməzdən öncə, 1982-ci il iyunun 11-də saat 12.15-də qəbul etdi. Söhbətimiz təxminən yarım saat çəkdi. Yadımda bu sözləri qaldı: “Mən MK-nın 1-ci katibi təyin olunandan indiyə kimi Bakı Şəhər Partiya Komitəsindən bura vəzifəyə gətirdiyim ilk azərbaycanlısan. Səndən əvvəl 4 nəfəri qəbul etdim və tez də yola saldım. Onlar, gördüyün kimi, başqa millətlərdən idilər. Mən özümə yaxın bilmədiyim adamların ağır günahına da yüngül cəza verirəm. Yaxın bildiyim adamların yüngül səhvlərini də bağışlamıram...”

Bu öyüdü qulağımda sırğa etdim və həyatım boyu Ulu öndərin bu etibarını və doğmalıq etimadını doğrultmağa çalışdım... Ulu öndərin həm respublikamıza partiya rəhbərliyi, həm M.Qorbaçovun onu xəyanətkarcasına Siyasi Büro üzvlüyündən və SSRİ Nazirlər Soveti Sədrinin 1-ci müavini vəzifəsindən kənarlaşdırdığı dövrdə, həm də hakimiyyətə 2-ci gəlişindən sonra dəfələrlə təmasda oldum. Onun Prezident kimi Naxçıvana ilk səfəri və Hüseyn Cavidin məqbərəsinin açılışı ilə bağlı tədbirlərinə dair “Ömrün üç günü” adlı nəfis bir kitab çap etdirdim. Kitab həm kiril, həm də latın qrafikasında, ayrı-ayrılıqda 5 min və 10 min tirajla Türkiyədə çap olundu. Bununla bağlı iki dəfə – 1997-ci il Novruz bayramı ərəfəsində qəbul otağında işdən çıxan vaxt, bir də iş otağında görüşüb söhbət etdik. Təkliflərimi diqqətlə dinlədi, müəyyən tapşırıqlar verdi. Və o vaxt “Vətənə qayıdanlar” adlı poema yazdım. Poema Ə. Cavada, H.Cavidə, M.Müşfiqə və Heydər Əliyevə həsr olunmuşdu.

...Bir payız axşamı getmir gözümdən,
Şuşaya quşbaşı qar ələnirdi.
Babanın dağlara qonan səsindən
Xankəndi, Zəngəzur silkələnirdi!
O vaxt baba deyil, bir rəhbər idi,
Elə cavanlıqdan zəhmi ağırdı.
Erməni qorxudan dinə bilirdi?
Susurdu – elə bil – dələ baxırdı!
Vaqifdən, Müşfiqdən, Caviddən dedi,
Tarixi gətirib qoydu ortaya.
Şimal da, Cənub da, – dedi Vətəndi,
Qoynunda qarışdı o tay bu taya!
Taleyi gətirdi ərköyünlərin!
Babasız şair də ürəkli olmur.
Böyüyün qədrini bilməyənlərin,
Doyunca sevinci, çörəyi olmur!
Bir nəslin taleyi heç gətirmədi,
Yadlar qan ağlatdı bu yurda, elə,
Baba bir dəfə də – “Susun!” – demədi,
Güldü həddimizi aşanda belə!

Gizli deyil ki, o vaxtlar hakimiyyətdə olan bəzi şəxslər mənə qarşı qərəzli mövqedə oldular. Heydər Əliyevə məlumatlar çatmışdı, qətiyyətlə bütün dedi-qoduları rədd edib, məni qorumağa çalışmışdı. Ulu öndərin şəxsi qayğısı olmasaydı, məni ya həbs edəcəkdilər, ya da həyatdan məhrum edəcəkdilər...

Heydər Əliyev ədəbiyyatımıza, sənət adamlarına, xalq içərisində nüfuz qazanmış və yenicə uğurlu addımlar atmağa başlayan şəxslərə çox yüksək həssaslıqla yanaşırdı, onları qoruyurdu. Və Ulu öndərin bərqərar etdiyi bu siyasəti cəsarətli övladı – möhtərəm Prezidentimiz İlham Əliyev bu gün olduqca böyük diqqətlə davam etdirir.

Heydərdən öyrəndim bu ləyaqəti

Torpaq vidalaşdı ağlamağıyla,
Uzaq səadətin ətri duyuldu.
Heydəri xalqıma qaytarmağıyla
Tarix neçə-neçə günahı yudu.

Polad iradəli, qərarı qəti,
“Bakı–Ceyhan” adlı bir ümman axır.
Elə bil, yenilməz Heydər qüdrəti
Əzablı yolların hayıfın çıxır.

Sabahdan söz açdı üzü gülməyən,
Sel kimi tökülən qanlar dayandı.
İllərlə sədası eşidilməyən
Xalqımın əbədi ulduzu yandı.

Ölçüsü bilinməz bu səadətin,
Öndərim, dünyaya vaxtında gəldin.
Var ol, Ulu Tanrım, var ol, Millətim,
Var ol ki, Heydəri qoruya bildin!

Satqınlıq, iftira, dost xəyanəti...
Heydər bu dünyada nələr görmədi!
Heydərdən öyrəndim bu ləyaqəti –
Namərd ayağına mərdi vermədi!

Çağdaş Azərbaycan ölməz əsəri,
Vətənə məhəbbət tək amalıydı.
Heydər öz Yurdunun sadiq əsgəri,
Türkün ən qüdrətli Generalıydı!

О qədər doğmadı xatirələri,
Sönməyən Günəşdi, odlu çıraqdı.
Güc verər hər kəsə nurlu əlləri,
Heydərin ruhu da xalqa dayaqdı!!!

Vahid ƏZİZ,
Xalq şairi

Seçilən
0
xalqqazeti.az

1Mənbələr