Hindistanın hərbi-siyasi rəhbərliyi son onilliklərdə ilk dəfə olaraq ehtiyatda olan hərbçilərin səfərbərliyinə başlandığını elan edib. Bu, Pakistanla münaqişənin kəskinləşməsi ilə bağlıdır. Xatırladaq ki, son bir neçə gün ərzində tərəflər bir-birinə havadan zərbələr endirib, həmçinin pilotsuz təyyarələrlə hücumlar həyata keçirib. Pakistan Hindistan Hərbi Hava Qüvvələrinə məxsus üç təyyarəni, o cümlədən Fransa istehsalı olan Rafale qırıcılarını vurduğunu qeyd edib. Hindistan mətbuatı yazır ki, səfərbərlik əmri ölkənin silahlı qüvvələrinin komandanlığı tərəfindən verilib. Sərəncamda qeyd olunur ki, “ərazi ordusunda birinci səfərbərlik dairəsinə daxil olan hər bir zabit və hərbi xidmətə cəlb olunan hər bir şəxs nizami ordunun dəstəklənməsinə və mühüm obyektlərin mühafizəsinə səfərbər edilsin”. 2025-ci ilin əvvəlinə Hindistan Silahlı Qüvvələrinin sayı təxminən 1,5 milyon idi. Ehtiyat qüvvələrin sayı isə təxminən 1,6 milyon nəfərdir. Qərb ekspertlərinin fikrincə, Hindistan ordusu dünyanın ən güclü orduları reytinqində dünyada 4-cü yerdədir. Bu arada Hindistanın Cammu və Kəşmir ştatında daha bir hava hücumu xəbərdarlığı edilib. Eyni zamanda, əhalisi 750 min nəfərdən çox olan Cammu şəhərində elektrik enerjisi yenidən kəsilib. Şəhər qaranlığa qərq olub. Havada isə Pakistan pilotsuz təyyarələrinin Cammu istiqamətində uçuşduğu bildirilir.
Surxay Əliyev