AZ

Heydər Əliyev – zamanın fövqündə dayanan düha

Vasif Qafarov
Milli Məclisin deputatı

Zaman bəzən tarix səhnəsinə elə nadir şəxsiyyətlər çıxarır ki, onların fəaliyyəti təkcə bir dövrün deyil, bütöv bir millətin taleyinə təsir edir. Bu cür insanlar yalnız yaşadıqları çağın deyil, gələcək nəsillərin yoluna işıq salan mayaklara çevrilirlər. Onlar zamanın fövqündə dayanaraq xalqın milli yaddaşına hopur, mənəvi dirənişin, siyasi müdrikliyin və strateji düşüncənin simvoluna çevrilirlər. Belə şəxsiyyətlər tarix boyu nadir hallarda meydana çıxır və onların izi sadəcə keçmişdə deyil, xalqın gələcək yaddaşında da dərin izlər buraxır. Bu mənada Heydər Əliyev Azərbaycan xalqının taleyinə düşmüş əvəzsiz düha, millətin milli oyanışına, dövlətçilik şüurunun formalaşmasına və müstəqil dövlətin qurulmasına həyatını həsr etmiş misilsiz liderdir. O, yalnız yaşadığı dövrün lideri deyildi – o, zamanın fövqündə dayanan, gələcəyi düşünən və qurmaq üçün çalışan dahi idi. Azərbaycanın taleyüklü dönəmlərində onun siyasi iradəsi, uzaqgörənliyi və xalqına sonsuz sevgisi dövlətçiliyimizi yox olmaq təhlükəsindən xilas etdi, müasir müstəqil Azərbaycanın əsaslarını formalaşdırdı. Heydər Əliyev tarixin Azərbaycan xalqına bəxş etdiyi ən parlaq şəxsiyyətlərdən biri kimi, həm keçmişin, həm bu günün, həm də gələcəyin lideri olaraq xalqın yaddaşına həkk olunub.
Heydər Əliyev 1923-cü ilin may ayının 10-da Azərbaycanın qədim elm, mədəniyyət və maarif beşiyi olan Naxçıvan şəhərində dünyaya gəlib. Uşaqlıq və gənclik illərini zəhmətə və milli-mənəvi dəyərlərə söykənən ailə mühitində keçirən Heydər Əliyev erkən yaşlarından mütaliəyə, sistemli təhsilə və intizama xüsusi önəm verib. XX əsrin ortalarında geosiyasi reallıqları və mövcud ideoloji sistemin çərçivələrini nəzərə alaraq, Heydər Əliyev SSRİ-nin təhlükəsizlik və dövlət idarəçiliyi strukturlarında fəaliyyətə başladı və burada qısa müddət ərzində analitik təfəkkürü, dəmir iradəsi, yüksək təşkilatçılıq bacarığı və milli təəssübkeşliyi ilə seçilərək fərqləndi. Xüsusi xidmət orqanlarında keçdiyi peşəkar yol onu yalnız respublika səviyyəsində deyil, həm də ittifaq miqyasında nüfuz sahibi olan bir idarəçi kimi tanıtdı. 1960-cı illərdə artıq Heydər Əliyevin adı Azərbaycan sərhədlərini aşaraq Moskva siyasi dairələrində də tanınmağa başladı. Onun ciddi təhlil qabiliyyəti, çevik qərarvermə bacarığı və idarəetmədə sistemli yanaşması Azərbaycanın gələcək taleyində mühüm rol oynayacaq bir liderin yetişməkdə olduğunu göstərirdi.
1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev, həmin dövrün geosiyasi və iqtisadi şəraitinə baxmayaraq, Azərbaycanı geridə qalmaqdan qurtararaq, sürətli inkişaf yoluna çıxarmağı bacardı. O, iqtisadiyyatın müxtəlif sahələrində mühüm nailiyyətlər əldə etməklə yanaşı, Azərbaycanın milli-mədəni kimliyini möhkəmləndirərək, ölkənin gələcək inkişafına yeni istiqamətlər verdi. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda baş verən ən mühüm dəyişikliklərdən biri, şübhəsiz ki, sənaye sektorunda inqilabi yeniliklər və kənd təsərrüfatının intensiv inkişafı oldu. Azərbaycanın sənaye infrastrukturunun modernləşdirilməsi və yeni müəssisələrin tikintisi iqtisadiyyatın müxtəlif sahələrində tarixi irəliləyişlərə gətirib çıxardı. Lakin Heydər Əliyevin fəaliyyəti yalnız infrastruktur layihələri və sənaye inkişafı ilə məhdudlaşmadı. Onun ən önəmli və strateji addımlarından biri də, xalqın milli kimliyini möhkəmləndirmək üçün atdığı addımlar oldu. Bu dövrdə həyata keçirilən təhsil islahatları, gənclərin beynəlxalq səviyyədə təhsil almasının təşviqi, həmçinin iqtisadiyyat və mədəniyyət sahələrində aparılan islahatlar milli oyanışa səbəb oldu və Azərbaycan xalqının özünüdərkini möhkəmləndirdi. Sonuc etibarilə, Heydər Əliyevin 1969–1982-ci illər arasında həyata keçirdiyi siyasət, Azərbaycanı iqtisadi inkişafın zirvələrinə daşımaqla, xalqın milli özünüdərkini, mədəni irsini qorumaq və gələcək nəsillərə təhvil vermək üçün möhkəm təməllər qoydu. Bu dövr Azərbaycanın müstəqillik yolunda mühüm hazırlıq mərhələsi və gələcəkdə həyata keçirilən islahatların təməlinin atıldığı dövr kimi dəyərləndirilməlidir.
Heydər Əliyevin 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunması, bu vəzifədəki fəaliyyəti, onun dövlət idarəçiliyi sahəsindəki peşəkarlığını və böyük zəhmətini bir daha ortaya qoydu. Azərbaycan üçün də əhəmiyyətli olan iqtisadiyyatın mühüm sahələrinə nəzarət edən Heydər Əliyev, bu vəzifəsində belə, Azərbaycanın inkişafını daim diqqət mərkəzində saxladı. O, heç vaxt unutmamışdı ki, sovet sistemindəki yüksək mövqeyinə baxmayaraq, onun ilk və əsas missiyası, vətəninə və xalqına xidmət etməkdir.
1987-ci ildə Heydər Əliyev Mixail Qorbaçovun rəhbərlik etdiyi Sovet İttifaqının həyata keçirdiyi iqtisadi və siyasi islahatların qeyri-məhsuldar olduğunu görərək vəzifəsindən istefa verdi. Bu addım, Heydər Əliyevin yalnız öz şəxsi karyerasını deyil, həm də Azərbaycan xalqının gələcəyini düşündüyünün bariz nümunəsi idi. Onun istefası həm də prinsipial bir mövqeyin göstəricisi idi: bir lider, öz xalqının maraqlarını, dəyərlərini və əqidəsini heç bir siyasi vəzifəyə qurban verməməlidir. Bu addım, onun vətənə olan sadiqliyinin, ideallarına olan bağlılığının və siyasi əxlaqının simvolu oldu.
1993-cü ilin yayında Azərbaycan çox ağır bir dövrün astanasında idi. Dövlətin siyasi və iqtisadi sistemi böhran içində idi, milli müstəqillik arzusu cəmiyyətin hər təbəqəsində böyük bir ehtiyac halını almışdı, lakin idarəetmə boşluğu və daxili qarşıdurmalar ölkəni parçalanma həddinə gətirib çıxarmışdı. Bu zaman, xalqın təkidi ilə Heydər Əliyevin Bakıya qayıdışı, bir liderin təkrar meydana çıxması, xalqın dövlətə, idarəçiliyə və öz gələcəyinə olan inamını yenidən bərpa etməsi idi. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev bir neçə ay sonra – oktyabrda isə Prezident seçildi. Bu, Azərbaycanın tarixində ən kritik anlardan biri idi. Heydər Əliyevin Bakıya qayıdışı Azərbaycan dövlətinin dağılmaqdan xilas olması və vətəndaş müharibəsinin qarşısının alınması üçün son dərəcə vacib bir addım idi. Heydər Əliyev Azərbaycan xalqı qarşısında xilaskarlıq missiyasını yerinə yetirdi. Heydər Əliyev xalqın çağırışına cavab olaraq, gücünü xalqın istəyindən alaraq, ölkəni qeyri-müəyyənlikdən çıxarıb sabitlik yoluna yönəltdi. Heydər Əliyevin prezidentlik dövrünün ilk addımları, dövlət idarəçiliyinin yenidən təşkil olunmasına xidmət edirdi. O, Azərbaycan dövlətini köhnə sovet strukturlarından təmizləyərək, ölkənin hüquqi dövlət əsaslarına keçidini təmin etdi. 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası, dövlətin müstəqilliyini, vətəndaş hüquqlarını və siyasi plüralizmin əsalarını təmin etdi. Bu, hüquqi dövlətin qurulması üçün atılmış fundamental bir addım idi. Eyni zamanda, Heydər Əliyev çoxpartiyalı sistemə keçidi həyata keçirərək, Azərbaycanda siyasi plüralizmin və demokratik seçkilərin təməlini qoydu. Siyasi azadlıqların artırılması və fərqli fikirlərin sərbəst şəkildə ifadə olunması, Azərbaycanda hüquqi və demokratik dövlətin inkişafına zəmin yaratdı. Bununla yanaşı, sərbəst bazar iqtisadiyyatına keçidi təmin edərək, ölkədə iqtisadi islahatlar başlatdı və özəl sektorun inkişafını stimullaşdırdı. Bu islahatların nəticəsi olaraq, Azərbaycanın iqtisadiyyatı tədricən sabitləşdi və ölkənin beynəlxalq maliyyə bazarlarına inteqrasiyası başladı.
1993-cü ildən sonra Heydər Əliyevin həyata keçirdiyi siyasi, iqtisadi və sosial islahatlar, ölkənin gələcək inkişafının təməlini atdı. Azərbaycan xalqı dünən də, bu gün də Heydər Əliyevin siyasətinin bəhrələrini görür, sabah da görəcək. Heydər Əliyevin neft diplomatiyası müstəqil Azərbaycanın iqtisadi inkişafının təməlini qoymaqla, onun regional və beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınmasına zəmin yaratdı. Xüsusilə, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan üçün yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət kəsb edən tarixi bir hadisə idi. Bu müqavilə, Azərbaycanı dünya enerji bazarına daxil edərək, ölkənin enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasına və xarici sərmayələrin cəlb olunmasına imkan yaratdı. “Əsrin müqaviləsi”, həmçinin Azərbaycanın qaz və neft sahələrindəki strateji mövqeyini gücləndirdi və bu müqavilənin həyata keçirilməsi Heydər Əliyevin enerji siyasətinin ən mühüm nailiyyətlərindən biri oldu.
Heydər Əliyev üçün gənclər sadəcə cəmiyyətin bir hissəsi deyil, dövlətin gələcəyini formalaşdıracaq əsas sütunlardan biri idi. Onun siyasi fəaliyyətində gənc nəslin düzgün yetişdirilməsi, vətənpərvərlik ruhunda tərbiyəsi və intellektual potensialının inkişafı hər zaman xüsusi yer tuturdu. Bu siyasətin bünövrəsi hələ sovet dövründə qoyulmuşdu. O, Azərbaycan gənclərinin ittifaq miqyasında nüfuzlu ali məktəblərə göndərilməsinə nail olmaqla, gələcəyin elmi, texniki və idarəçilik elitasını yetişdirirdi. Minlərlə azərbaycanlı gənc Moskvada, Leninqradda, Kiyevdə və digər elmi mərkəzlərdə təhsil alaraq vətənə yüksək bilik və təcrübə ilə qayıdırdı. Müstəqillik dövründə isə bu siyasət daha da sistemli və məqsədyönlü xarakter aldı. 1994-cü ildə yaradılan Azərbaycan Gənclər və İdman Nazirliyi, gənclərlə iş sahəsində ilk strukturlaşdırılmış dövlət orqanı oldu. 1996-cı ilin 2 fevral tarixində ilk Azərbaycan Gəncləri Gününün təsis olunması ilə bu sahəyə olan diqqət siyasi səviyyədə rəsmiləşdi. Heydər Əliyev gəncləri dövlətin əsas tərəfdaşı kimi görür, onların idarəçilikdə, ictimai həyatda və innovasiyalarda fəal iştirakını təşviq edirdi. Ulu Öndər hər zaman vurğulayırdı: “Gənclər bizim gələcəyimizdir. Gələcək isə elmlə, biliklə, vətənpərvərliklə qurulur.” Bu prinsip, onun gənclərlə bağlı strateji baxışının mahiyyətini təşkil edirdi. Təsadüfi deyil ki, bu gün Azərbaycan gəncliyi öz dövlətinə sadiq, intellektual baxımdan hazırlıqlı və milli kimliyinə bağlı bir nəsil kimi formalaşıb. Bu isə məhz Heydər Əliyev siyasətinin ən parlaq nəticələrindən biridir.
Heydər Əliyev, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və qorunması yolunda ordu quruculuğuna xüsusi önəm verirdi. “Ordu – dövlətin sütunu, xalqın dayağıdır” – deyən Heydər Əliyev 1993-cü ildən başlayaraq Azərbaycan Ordusunun qurulmasında sistemli yanaşmalar tətbiq etdi. Bu, ordunun daha müasir və güclü olmasına, həmçinin müstəqil Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasına böyük töhfə verdi. Müdafiə sənayesi ilə yanaşı, hərbi təhsil müəssisələrinin inkişafına da xüsusi diqqət yetirildi. Azərbaycan Ordusunun effektivliyi onun texniki və maddi təminatı, yüksək ixtisaslı kadrlarla təmin olunması ilə bağlı idi. Xarici ölkələrdən təcrübə və bilik əldə etmək üçün Azərbaycanın hərbi əməkdaşlığı genişləndirildi. Orduda xidmət edən zabitlər və əsgərlər beynəlxalq təlimlərə göndərildi. Heydər Əliyev dövründə tətbiq edilən bu strateji yanaşmalar, sonrakı illərdə Azərbaycan Ordusunun böyük döyüşlərdə, xüsusilə 2020-ci ildəki Vətən müharibəsində qazanılan zəfərlərin əsasını təşkil etdi. Heydər Əliyevin təməlini qoyduğu bu güclü ordu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə, Qarabağ torpaqlarını azad etməyə və böyük qələbə qazanmağa imkan verdi.
Heydər Əliyevin siyasi irsi bir nəfərin bioqrafiyası deyil – bu, bütöv bir millətin ayağa qalxma, dövlət qurma və gələcəyə inamla irəliləmə salnaməsidir. O, xalqın ağrısını öz ağrısı, sevincini öz sevincinə çevirdi. Heydər Əliyev zamanın yetişdirdiyi deyil, zamanın önünə keçən nadir şəxsiyyətdir. Onun mənəvi irsi və siyasi kursu müstəqil dövlətimizin möhkəmlənməsində, milli kimliyimizin qorunmasında və gələcəyə doğru inamla irəliləməyimizdə fundamental rol oynadı. O, yalnız bir lider kimi deyil, həm də xalqının taleyini dəyişdirən strateq, müasir Azərbaycanın banisi, ideyaları ilə bu günümüzü və gələcəyimizi işıqlandıran dövlətçilik simvoludur. Azərbaycan dövlətinin bugünkü uğurlarının təməlində Heydər Əliyev siyasəti dayanır. Heydər Əliyevin parlaq ideyaları və əməlləri hər bir vətəndaşın yaddaşında yaşayır, İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru iri addımlarla addımlayan Azərbaycanın yoluna nur saçır. Heydər Əliyev xalqımızın qürur mənbəyi və dövlətçilik idealının təcəssümüdür. Bu gün Azərbaycan onun qurduğu möhkəm təməllər üzərində sabaha doğru inamla irəliləyir və hər uğurunda Ulu Öndərin müdrik siyasətini, uzaqgörən liderliyini dərin minnətdarlıqla xatırlayır.

Seçilən
0
50
moderator.az

10Mənbələr