"Hər iki şəxsə hərbi vəziyyət şəraitində dövlətə xəyanət maddəsi ilə ittiham irəli sürülüb..."
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Macarıstan hərbi kəşfiyyatının maraqlarına işləyən agentura şəbəkəsini ifşa etdiyini açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ru" nəşri məlumat yayıb.
"Bu qrupun vəzifəsi Zakarpatiya vilayətinin hərbi müdafiəsi ilə bağlı məlumat toplamaq, regionun quru və hava müdafiəsində zəif nöqtələri axtarmaq, eləcə də yerli əhalinin ictimai-siyasi baxışlarını, xüsusilə də regiona macar qoşunlarının daxil olacağı təqdirdə onların davranış ssenarilərini öyrənmək olub". - UTX-nın bəyanatında deyilir.
İki nəfərin həbs edildiyi açıqlanıb. UTX bildirir ki, bunlardan biri macar kəşfiyyatının kuratoru, digəri isə əməkdaşıdır. Onlardan biri - 40 yaşlı şəxs etnik macarların yaşadığı Bereqovo rayonundandır. Ukrayna xüsusi xidmət orqanlarının məlumatına görə, o, 2021-ci ildə ələ alınıb.
2024-cü ilin sentyabrında ona verilmiş tapşırıqlara ictimai əhval-ruhiyyəni təhlil etmək, qeyri-qanuni silahların mövcudluğunu izləmək, hüquq-mühafizə orqanları və macar əhalinin miqrasiyası barədə məlumatları ötürmək daxil olub.
O, həmçinin Ukraynanın S-300 zenit-raket komplekslərinin yerləşdirilməsi, hərbi texnikanın hərəkəti və Ukrayna Silahlı Qüvvələrinin itkiləri barədə məlumatlar toplayıb.
İkinci saxlanılan şəxs isə 2025-ci ildə xidmətdən tərxis olunmuş hərbçidir. UTX-yə görə, o, xidmət etdiyi hərbi hissədə aviasiya və müdafiə sistemlərinin mövcudluğu barədə məlumatları macar tərəfinə ötürüb. Hər iki şəxsə hərbi vəziyyət şəraitində dövlətə xəyanət maddəsi ilə ittiham irəli sürülüb. Onları ömürlük həbs və əmlaklarının müsadirəsi gözləyir.
Macarıstan xarici işlər naziri Peter Siyarto isə Ukraynadan bu cür casus şəbəkəsinə dair heç bir məlumatın verilmədiyini bildirib və bu hadisəni "təbliğat" adlandırıb.
"Ukrayna təbliğatında yayılan bu cür xəbərlərə qarşı hamıdan ehtiyatlı olmağı xahiş edirəm. Əgər bizə hər hansı ətraflı və ya rəsmi məlumat təqdim olunsa, onda məsələni aydınlaşdırmaq mümkün olar", - nazirin sözlərindən “Reuters” agentliyi iqtibas gətirib.
Xatırladaq ki, Macarıstan baş naziri Viktor Orban Vladimir Putinlə sıx münasibətlər saxlayır və Qərb ölkələrinin Ukraynaya hərbi yardım göstərməsinə qarşı çıxır. Bundan əlavə, o, Ukraynaya ərazi iddiaları da irəli sürür.