BAKI, 10 may. TELEQRAF
10 may 1923-cü il. O gün Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan torpağı bir ömrə deyil, bir taleyə can verdi. Xalqımız hər may ayında bir ömrün böyüklüyünü, bir liderin əzəmətini və bir xilaskarın əbədi işığını yenidən xatırlayır. Çünki bu gün Azərbaycan tarixində özünü əbədiləşdirməyi bacaran görkəmli bir şəxsiyyətin - Heydər Əliyevin həyatının başlanğıc tarixidir. Düz bir əsr iki il öncə, bu əzəmətli ömrün ilk addımları ilə Azərbaycanın tarixində yeni bir dövrün təməli qoyuldu.
Bəli, görkəmli siyasi xadim, Ulu Öndər Heydər Əliyevin anadan olmasından 102 il ötür. Bu gün yalnız bir dövlət xadimini deyil, bir millətə yeni yol açmış Ümummilli Lideri ehtiramla yad edirik. Hər il may ayı gəldikdə, bu böyük şəxsiyyətin dövlətə, xalqa və tarixə bəxş etdiyi fədakarlığı bizə bir daha xatırladır - Ulu Öndər kimi və Ümummilli Lider kimi...
İndi geriyə boylananda bir daha şahidi oluruq ki, bu 102 ilin yarıdan çoxu deyil, elə hamısı bir xalqın qurtuluş salnaməsidir. Bir daha əmin oluruq ki, Heydər Əliyev nəinki bu gün, elə hər zaman Azərbaycan xalqının taleyini öz ömrünün mənasına çevirmiş biri olaraq qəlbimizdə yaşayır. O, adını tarixə təkcə siyasətçi kimi yox, dövlət qurucusu, xilaskar və müdrik rəhbər kimi həkk edənlərdən oldu. Çünki xalqımız öz milli kimliyini, dövlət müstəqilliyini və gələcək inamını onun rəhbərliyi dövründə bərpa edə bildi.
Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladığı gündən etibarən xalqın taleyinə sahib çıxmağa, respublikanı gerilikdən çıxarıb, tərəqqi yoluna yönəltməyə çalışırdı. Həmin dövrdə həyata keçirilən islahatlar, sənaye və kənd təsərrüfatı sahələrində əldə olunan irəliləyişlər, milli-mənəvi dəyərlərə verilən önəm Azərbaycanın sovet məkanında fərqlənən bir respublikaya çevrilməsinə səbəb oldu. Lakin onun əsl xilaskarlıq missiyası 1993-cü ildə, dövlət müstəqilliyi təhlükə altına düşəndə gerçəkləşdi.
1990-cı illərin əvvəllərində Azərbaycan dərin siyasi, iqtisadi və hərbi böhran içində idi. Vətəndaş müharibəsi təhlükəsi, Ermənistanla davam edən müharibə, torpaq itkisi və daxili qarşıdurmalar dövlətçiliyin sonuna işarə verirdi. Məhz belə ağır zamanda xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə ölkədə sabitliyi bərpa edərək, parçalanmaqda olan Azərbaycanı birləşdirdi və inkişaf yoluna çıxarmağı qətiyyətlə bacardı. Onun siyasi uzaqgörənliyi və müdrikliyi ilə qəbul edilən qərarlar bu gün də öz bəhrəsini verməkdədir.
Ən mühüm dönüş nöqtələrindən biri 1994-cü ilin sentyabrında imzalanan və “Əsrin müqaviləsi” adlanan neft sazişi idi. Bu müqavilə ilə Azərbaycanın zəngin enerji resursları beynəlxalq bazarlara çıxarıldı, ölkəyə milyardlarla dollarlıq sərmayə axını başladı, minlərlə yeni iş yeri yaradıldı. Nəticədə, Azərbaycan təkcə enerji sahəsində deyil, bütün iqtisadi sistemində çevik, dinamik və davamlı inkişaf modelini formalaşdırdı. Heydər Əliyevin bu strateji addımı ölkəmizin iqtisadi müstəqilliyinin əsası oldu.
Enerji diplomatiyasının uğuru isə geosiyasi gücə çevrildi. Bakı - Tbilisi - Ceyhan, Bakı - Tbilisi - Ərzurum, TANAP və digər irimiqyaslı layihələr Azərbaycanın regional liderlik statusunu möhkəmləndirdi. Heydər Əliyevin siyasəti nəticəsində ölkəmiz etibarlı tərəfdaş kimi tanındı və beynəlxalq münasibətlər sistemində mühüm aktora çevrildi. Eyni zamanda balanslaşdırılmış xarici siyasət yürüdərək həm Qərblə, həm də Şərqlə dərin əlaqələr quruldu, ölkə müstəqil mövqeyini daim qoruyub saxladı.
Ümummilli Lider Azərbaycanın gələcəyini təmin edəcək əsas dayaqları da yaratdı. Güclü dövlət, müasir ordu, vətənpərvər gənclik və hüquqi dövlət prinsiplərinə əsaslanan idarəetmə sistemi, bütün bunlar onun gecə-gündüz yorulmadan böyük əmək sərf etmələrinin nəticələri idi.
Bu təməllər üzərində inşa edilən müasir Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə öz müstəqillik tarixinin ən qüdrətli dövrünü yaşayır. Dövlətimizin başçısı hər zaman olduğu kimi, bu gün də Ulu Öndərin siyasi irsini davam etdirərək, onu dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirir.
Bu inkişafın zirvəsi isə 2020-ci ildə 44 günlük Vətən müharibəsində yazıldı. Məhz Heydər Əliyevin illərlə üzərində çalışdığı ordu quruculuğu siyasəti, dövlət idarəetmə sistemində yaratdığı sabitlik və Prezident İlham Əliyevin qətiyyətli liderliyi sayəsində ölkəmiz öz şöhrət və qürurunu geri qaytardı.
Azərbaycan Ordusu Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqları böyük peşəkarlıqla geri qaytardı. Bu Qələbə təkcə torpağın deyil, eyni zamanda, milli qürur, tarixi ədalətin bərpası və xalqın ruhunun dirçəlişi idi.
Bütün bu uğurların, bu qürurverici zəfərin mərkəzində bir ad dayanır - Heydər Əliyev. Bu ad təkcə bir liderin deyil, bir dövrün, bir millətin taleyinə yön verən iradənin adıdır. Onun qoyduğu siyasi xətt, müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün də özünü Azərbaycan dövlətinin hər bir uğurunda, xalqın sabaha olan inamında göstərir. Bu strateji xəttin Prezident İlham Əliyev tərəfindən müdriklik və sədaqətlə davam etdirilməsi isə, Ulu Öndərin siyasətinin necə sağlam təməllər üzərində qurulduğunun ən parlaq sübutudur.
Əminliklə deyə bilərik ki, bu gün Azərbaycanın gücü, nüfuzu və gələcək sabitliyi Heydər Əliyevin uzaqgörən siyasətinə və xalqla qurduğu möhkəm etimad bağlarına söykənir. Bu siyasi varislik modeli sadəcə idarəetmə deyil, bu gün də özünü göstərən xalqla lider arasında qurulmuş əbədi bir körpüdür. Bax, xalqımız o körpü üzərindən inamla sabaha doğru irəliləyir.
Bu gün torpaqda boy atan hər çiçək, səssizliyə bürünmüş hər abidə bu həqiqəti pıçıldayır: Azərbaycanın varlığı, sabitliyi və gələcəyi Heydər Əliyevin ömürlük mübarizəsinin, sonsuz sevgisinin və əbədi iz qoyan irsinin bəhrəsidir.
Heydər Əliyevin adı ilə ucalan bu vətən, şəksizdir ki, onun ideallarında yaşamağa və inkişaf etməyə davam edəcək.