AZ

Ukrayna Rusiyaya və müttəfiqlərinə qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının (SNBO) qərarını təsdiqləyərək 58 fiziki şəxs və 74 şirkətə qarşı yeni sanksiyalar paketini qüvvəyə mindirib.

KONKRET.az xəbər verir ki, sanksiyalar Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən hazırlanıb. Qara siyahıya daxil edilən şirkətlərin əksəriyyəti — 67-si Rusiya mənşəlidir və əsasən bu ölkənin müdafiə-sənaye kompleksi ilə əlaqəlidir. Eyni zamanda, sanksiyalar siyahısına İran, Özbəkistan və Honkonqdan olan şirkətlər də daxil edilib.

Ukrayna Prezidentinin sanksiya siyasəti üzrə nümayəndəsi Vladislav Vlasük bildirib ki, bu dəfəki məhdudiyyətlər pambıq selülozası və nitoroselüloza — yəni barıt istehsalında istifadə olunan xammalın təchizatı ilə bağlı fəaliyyət göstərən qurumlara yönəlib. Bununla yanaşı, Rusiyanın hərbi texnikası üçün komponentlər, ikili təyinatlı mallar, xarici dəzgah və elektronika tədarük edən şirkətlər də sanksiya altına düşüb.

Sanksiya tətbiq olunanlar arasında İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olan və Tatarıstanın xüsusi iqtisadi zonası “Alabuga” ərazisində pilotsuz uçuş aparatları (PUA) istehsalında iştirak edən şirkətlər də var.

Bundan əlavə, həm Rusiya, həm də Özbəkistan vətəndaşı olan Rustam Muminovun nəzarətindəki Fərqanə Kimya Zavodu da siyahıya daxil edilib. Zavodun Rusiyaya pambıq selülozası ixrac etdiyi bildirilir.

Rəsmi Kiyev bu sanksiyalarla Rusiya Federasiyasının hərbi-sənaye infrastrukturuna zərbə vurmağı və müharibə üçün həyati əhəmiyyət daşıyan təchizat zəncirini kəsməyi hədəfləyir.

Natiq Səlim,
KONKRET.az

Seçilən
0
konkret.az

1Mənbələr