9 May - Qələbənin qazanılmasında Azərbaycanın tarixi rolu
9 May — Faşizm üzərində Qələbə Günü dünya tarixində önəmli günlərdən biridir. Bu gün 1945-ci ildə İkinci Dünya Müharibəsində nasist Almaniyasının məğlubiyyəti və dünya xalqlarının azadlıq uğrunda birgə mübarizəsinin qələbəsi ilə yadda qalıb. Qələbə Günü müharibədə canını fəda edən milyonlarla insanın xatirəsini yad etmək, sülhün və təhlükəsizliyin dəyərini bir daha xatırlamaq üçün mühüm bir gündür.Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Metbuat.az-a açıqlamasında bildirib ki, İkinci Dünya müharibəsində Azərbaycandan 600 minə yaxın insan iştirak edib, onlardan təxminən 300 mini qəhrəmancasına həlak olub: “Həmvətənlərimizdən 130-dan çoxu Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çoxu isə müxtəlif orden və medallarla təltif olunmuşdur. Azərbaycanlılardan ibarət altı milli diviziya formalaşdırılmış və bu diviziyalar Qafqazdan Berlinədək bütün cəbhələrdə qəhrəmanlıqla vuruşmuşdur. Hətta Berlinin özündə küçə döyüşlərində belə iştirak etmiş, Qırmızı bayrağı Berlində sancan azərbaycanlılar olmuşdur”.
Millət vəkili Azərbaycan xalqının arxa cəbhədə də böyük fədakarlıq göstərməsindən bəhs edib:“Elə bir ailə, elə bir kənd olmayıb ki, cəbhə üçün əlindən gələni etməsin. Müharibə zamanı istifadə olunan yanacağın 85-90 faizi məhz Azərbaycanın, xüsusən də Bakının nefti olub. Bu neftin hesabına minlərlə tank və təyyarə düşmənə qarşı mübarizədə istifadə edilib və qələbənin qazanılmasında mühüm rol oynayıb. Bu gün də müharibə veteranlarına dövlət tərəfindən həm maddi, həm də mənəvi dəstək göstərilir və bu siyasət davam etdirilir. Ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, onlar bizim “qızıl fondumuz”dur. Bu, yalnız Azərbaycan xalqı tərəfindən deyil, bütün MDB məkanında da qəbul olunan bir həqiqətdir ki, Bakının, Azərbaycanın və Azərbaycan vətəndaşlarının İkinci Dünya müharibəsindəki qələbədə danılmaz rolu var. Bu barədə beynəlxalq kürsülərdən dəfələrlə bəhs edilib”.44 günlük Vətən müharibəsində də Azərbaycan xalqının alnı açıq, başı uca çıxdığını vurğulayan A. Nağıyev, bu dəfə də sanki ulu babalarımızın ruhunun qalib əsgərlərimizin üzərində olduğunu qeyd edib.Milli Məclisin deputatı Aydın Mirzəzadə isə Böyük Vətən müharibəsində Azərbaycan əsgərinin qəhrəmanlığının bu günə qədər dillər əzbəri olduğunu söyləyib:“Üç milyonluq əhalisi olan Azərbaycandan 600 min insan döyüşlərdə iştirak etməsi, 300 min nəfərin, yəni hər iki nəfərdən birinin müharibədə həlak olması Azərbaycan əsgərinin döyüşlərdə böyük şücaət göstərdiyini, ən çətin tapşırıqları yerinə yetirdiyini və daim ön cəbhədə olduğunu sübut edir. Azərbaycan xalqı öz igid oğullarının fədakarlığını hər zaman yüksək qiymətləndirib. İstər SSRİ dönəmində, istərsə də müstəqillik qazandıqdan sonra müharibə iştirakçılarına cəmiyyət və dövlət tərəfindən böyük diqqət göstərilib. Onlar daim ictimaiyyət tərəfindən tanınıb, qəhrəmanlıqları mətbuatda işıqlandırılıb və məişət şəraitlərinin yaxşılaşdırılması üçün dövlət qayğısı ilə əhatə olunublar”.
A.Mirzəzadə Böyük Vətən müharibəsində göstərilən bu qəhrəmanlıq ənənəsinin sonrakı dövrlərdə də davam etdirilməsindən söz açıb:“Azərbaycan əsgərləri Birinci Qarabağ müharibəsində, xüsusilə də 2020-ci ildəki Vətən müharibəsində və 2023-cü ildə keçirilmiş bir günlük antiterror əməliyyatında da eyni igidliyi və vətənpərvərliyi nümayiş etdiriblər. Babalarımızın göstərdiyi şücaət, onların misilsiz igidliyi bu gün Azərbaycan gəncləri üçün böyük bir örnəyə çevrilmişdir. Bu qəhrəmanlıq ənənəsi gələcək nəsillərin də vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayacaq. Həm Böyük Vətən müharibəsində, həm də Qarabağ savaşlarında şəhid olan hər bir igidimizin xatirəsi xalqımızın qəlbində daim əziz tutulacaqdır”.Sevinc İbrahimzadə / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə hazırlanmışdır.