AZ

Parisdə Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü qeyd edilib

Azərbaycanın Fransadakı Səfirliyinin təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, səfirliyin Mədəniyyət Mərkəzində keçirilmiş tədbirdə ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva və UNESCO yanında daimi nümayəndə Elman Abdullayev çıxış edərək, Ulu Öndərin xalqımızı zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmasından, ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmasından danışıblar.

Diqqətə çatdırılıb ki, Ulu Öndərin strategiyası sayəsində Azərbaycan bütün regionda sabitliyin qarantına çevrilib. Azərbaycanın UNESCO, eləcə də digər nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri qurmasında, bir çox beynəlxalq təşkilatlara üzv olmasında Ümummilli Liderin əvəzsiz rolu olub.

Vurğulanıb ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir və Ulu Öndərin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd olunub ki, Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə öz suverenliyini və ərazi bütövlüyünü qorumağa qadir olduğunu 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi və 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri nəticəsində şanlı Zəfər qazanmaqla sübuta yetirib.

Ulu Öndər Heydər Əliyevin müdrik siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır. Qalib və nüfuzlu dövlət kimi öz sözünü deyən Azərbaycan beynəlxalq arenada yeni zirvələrə doğru mətin addımlarla irəliləyir.

Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olan, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevin xalqımız tərəfindən əziz xatirəsinin daim uca tutulduğu və minnətdarlıqla anıldığı vurğulanıb.

Tədbirdə Ulu Öndərin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub. Paris ali musiqi məktəbinin məzunu Ağarəhim Quliyev Ulu Öndərin sevdiyi mahnıları fleytada ifa edib.

Tədbirdə Parisdəki diplomatlarımız, Azərbaycan icmasının üzvləri, diaspor fəalları və bu şəhərdə təhsil alan tələbələr iştirak ediblər.

Seçilən
0
1
sia.az

2Mənbələr