AZ

Faşizm üzərində Qələbənin 80-ci ildönümü Varşavada qeyd olunub

Vyana, 9 may, AZƏRTAC

9 May - Qələbə Gününün 80-ci ildönümü Polşada faşizmlə mübarizədə fərqlənmiş azərbaycanlı polkovnik Vəli bəy Yadigarın məzarı başında qeyd olunub.

AZƏRTAC xəbər verir ki, anım mərasimində Azərbaycanın Polşadakı səfirliyinin və bu ölkədə fəaliyyət göstərən Mərkəzi Avropa ölkələri üzrə Ticarət Nümayəndəliyi aparatının rəhbər və əməkdaşları, Türkiyə və Özbəkistanın Polşadakı səfirləri, Qazaxıstan səfirliyinin hərbi attaşesi, həmçinin Polşanın Müsəlman Dini Birliyinin nümayəndələri iştirak ediblər.

Səfir Nərgiz Qurbanova faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının tarixi rolundan bəhs edib. Qeyd olunub ki, Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhədə 681 mindən çox oğlu və qızı ilə iştirak edib və onların yarıdan çoxu döyüş bölgələrində ya həlak olub, ya da itkin düşüb. Azərbaycan ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi yaradılmış, milli atıcı diviziyaları Qafqazın ətəklərindən Pribaltikaya, Şərqi Avropaya və Berlinə qədər gedib çatmışdı. İgidliyinə görə 130-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb və 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif olunub.

Nərgiz Qurbanova vurğulayıb ki, Azərbaycan xalqı yanacaq təmin etməklə Qələbəyə əvəzsiz töhfə verib. 1941-1945-ci illər ərzində Sovet İttifaqında hasil edilmiş neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşüb. Müharibə illərində azərbaycanlı kimyaçı alim Yusif Məmmədəliyev doqquz növ təyyarə üçün 38 növ yanacaq, səkkiz növ dizel, müxtəlif benzin birləşmələri istehsalını təşkil edib, habelə strateji yüksək oktanlı təyyarə yanacağını ixtira edib.

Azərbaycan xalqının arxa cəbhədə misilsiz əmək şücaətlərini də vurğulayan N.Qurbanova azərbaycanlıların ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışdıqlarını, cəbhəyə 7 tondan çox donor qan göndərdiyini, eyni zamanda, döyüş hissələrinin ərzaq və isti geyimlə təmin olunmasında xüsusi fərqləndiyini qeyd edib.

Daha sonra səfir faşizmə qarşı qəhrəmancasına mübarizə aparan azərbaycanlı hərbçilər və partizan dəstələri barədə məlumat verib. Azərbaycan və Polşanın hərb tarixində mühüm rol oynamış, faşizmlə mübarizədə xidmətləri ilə seçilmiş azərbaycanlı polkovnik Vəli bəy Yadigar barədə danışıb. V.Yadigarın söy-kökü, Azərbaycan Xalq Cümhuriyyəti və Polşa silahlı qüvvələri üçün xidmətlərindən bəhs edib, Varşava üsyanında iştirakını vurğulayıb. Onun “Milli orduda süvarilər” adlı əsərinin 1956-cı ildə Londonda nəşr olunduğunu bildirilib. Qonaqların diqqətinə çatdırılıb ki, Argentinaya mühacirət etməyə məcbur qalan polkovnik V.Yadigar 1971-ci ildə Buenos-Ayresdə vəfat edib. Buna baxmayaraq, V.Yadigar öz vəsiyyətində azad Polşada dəfn olunmağı arzu etdiyi üçün 1990-cı ildə Polşa dövləti onun nəşini Varşavaya gətirərək “Müsəlman-tatar qəbiristanlığı”nda” dəfn edib.

Mərasim çərçivəsində Vəli bəy Yadigarın məzarına əklil qoyulub, onun ruhuna “Quranı-Kərim”dən ayələr oxunaraq dualar edilib.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
Seçilən
0
azertag.az

1Mənbələr