Misli Premyer Liqasının XXXIV turunda "Sabah" "Şamaxı"nı 3:1 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, matçdan sonra baş tutan mətbuat konfransında Şamaxı təmsilçisinin baş məşqçisi Ayxan Abbasov qarşılaşmanı şərh edib:
“Sabah”la oyunlarımız yaxşı olur. Bu mövsüm bizə qalib gələ bilməmişdilər. Standart vəziyyətlərdə uduzduq. 1-ci və 2-ci qolu standart vəziyyətlərdə buraxdıq. 2-ci qoldan əvvəl qayda pozuntusu yox idi. Hakim səhv etdi".
A.Abbasov qarşılaşmanın baş hakimi Fərid Hacıyevdən narazılığını dilə gətirib:
"Fəriddən həmişə narazıyam. Top “Sabah”ın futbolçusundan çıxmışdı, lakin hakim foul verdi. Bunun ardınca rəqib küncdən zərbə qazandı və qol vurdu. Hakim bütün uşaqların əziyyətini yerə vurdu. Hər dəfə deyirəm, gəncdirlər dəstək olaq, lakin oyunu çox pis idarə etdi".