AZ

"Putin və Rusiya üçün Xüsusi Tribunalın yaradılmasında irəliləyiş əldə edilib" - "'Deutsche Welle"

"Ukraynaya qarşı təcavüz cinayətinə görə ən çox məsuliyyət daşıyanlar ədalət qarşısında cavab verməlidir..."
 
Ukraynaya qarşı təcavüz cinayətinə dair Xüsusi Tribunalın yaradılması üzrə Dövlətlər Koalisiyası Rusiya diktatoru Vladimir Putinin və digər hərbi cinayətkarların cəzalandırılması məqsədilə bu tribunalın fəaliyyətinə tezliklə başlanmasına qəti dəstəyini ifadə edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Avropa ölkələrinin aparıcı diplomatlarının görüşünün yekunlarına dair Dövlətlər Koalisiyasının Lvov Bəyanatında deyilir. Məlumatı "dw.com" nəşri yayıb.
 
Xüsusilə qeyd olunub ki, Dövlətlər Koalisiyasına daxil olan ölkələrin xarici işlər nazirləri və digər nümayəndələri "Avropa Şurası çərçivəsində Ukraynaya qarşı təcavüz cinayətinə dair Xüsusi Tribunalın yaradılması üçün zəruri olan hüquqi alətlərin layihələri üzrə texniki işin başa çatmasını" alqışlayıb.
 
Bəyanatda deyilir: "Biz Ukraynaya qarşı törədilmiş bu ən ağır beynəlxalq cinayətə görə ən çox məsuliyyət daşıyanların ədalətə cəlb olunması ilə ədalətin bərpa olunmasında Xüsusi Tribunalın həlledici əhəmiyyətini bir daha təsdiqləyirik".
 
Eyni zamanda vurğulanıb ki, yaradıldıqdan sonra, Xüsusi Tribunal Nizamnaməsinə uyğun olaraq, təcavüz cinayətinə görə məsuliyyətin təmin olunması və beynəlxalq hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə məhkəmə icraatını beynəlxalq hüquq və insan hüquqlarına tam hörmətlə həyata keçirəcək.
 
Koalisiya tribunalın yaradılması üçün zəruri hüquqi sənədlərin layihələndirilməsi üzrə hazırlıq işlərinə fəal şəkildə qoşulan hər kəsə, o cümlədən Dövlətlər Koalisiyasının işində iştirak etmiş hüquq müşavirlərinə təşəkkürünü bildirib.
 
Bəyanatda deyilir: "Biz Avropa Şurasının Xüsusi Tribunalın yaradılmasındakı mərkəzi rolunu vurğulayır, Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidmətinin, o cümlədən Ukrayna ilə Avropa Şurası arasında Xüsusi Tribunalın yaradılmasına dair Saziş layihəsi, Xüsusi Tribunalın Nizamnaməsi və Tribunalın dəstəklənməsi, o cümlədən maliyyələşdirilməsi və digər inzibati məsələlərlə bağlı Genişləndirilmiş Qismən Saziş layihəsi üzərindəki işlərini yüksək qiymətləndiririk".
 
Nazirlər həmçinin Avropa Şurası çərçivəsində Xüsusi Tribunalın yaradılması prosesinə sadiqliyi, onun fəaliyyətinə tezliklə başlanmasını və səmərəli fəaliyyətinin dəstəklənməsini bir daha təsdiq edib.
 
Eyni zamanda, Koalisiya beynəlxalq dəstəyi genişləndirmək məqsədilə digər dövlətlərə və beynəlxalq təşkilatlara Xüsusi Tribunal üzrə birgə səylərə qoşulmağa və onun fəaliyyətinə fəal dəstək verməyə çağırıb.
 
"Avropa Şurasına üzv olan dövlətləri təmsil edən bizlər, Xüsusi Tribunalın Avropa Şurası çərçivəsində formallaşdırılması yolunda növbəti addım olacaq Avropa Şurası Nazirlər Komitəsinin 13-14 may 2025-ci il tarixlərində Lüksemburqda keçiriləcək iclasını səbirsizliklə gözləyirik", - bəyanatda deyilir.
 
Bəyanat Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Aİ-nin demokratiya, ədalət, hüququn aliliyi və istehlakçı hüquqlarının müdafiəsi üzrə komissarı Maykl MakQratın iştirakı ilə razılaşdırılıb.
Seçilən
0
moderator.az

1Mənbələr