AZ

Çin lideri Moskvada “əsas qonaq” statusu aldı - başqa dövlət başçıları aşağılarda...


Məhərrəm Zülfüqarlı: “Bütün diplomatik, etik normaları pozaraq, Moskvaya gedən digər liderlərə hörmətsizlik edərək Çin liderinin Putinin “xüsusi qonağı” adlandırılması əlbəttə ki...”

İkinci Dünya Müharibəsində Faşizm üzərində Qələbənin 80-ci ildönümü münasibətilə keçirilən tədbir və rəsmi paradda iştirak etmək üçün 29 xarici ölkə liderinin Rusiyanın paytaxtı Moskvaya gəldiyi məlumdur.

Qeyd edək ki, Qırmızı meydandakı paradda 13 ölkənin hərbçiləri iştirak edir.

Moskvada faşizm üzərində qələbənin 80-ci ildönümü ilə bağlı parada Çin lideriSi Cinpin də qatılıb.

Maraqlıdır ki, Rusiyanın rəsmi təbliğat vasitələri Çin liderini Moskvada Putinin “əsas qonağı” adlandırırlar. Hətta bu ifadə dövlət rəsmilərinin də dilindən çıxır.

Bu nə dərəcədə doğrudur ki, Moskvaya gələn 30-a yaxın dövlət liderinin içindənbiri “əsas qonaq” adlandırılsın? Bu diplomatik cəhətdən nə qədər düzgündür? Bu, Rusiyanın müttəfiqləri ilə münasibətlərinə necə təsir edəcək?

Tarix elmləri doktoru, professor, siyasi icmalçı Məhərrəm Zülfüqarlı baki-xeber.com-a bildirdi ki, bu gün Moskvada faşist Almaniyası üzərində qələbənin 80 illiyi münasibətilə yubiley tədbiri və hərbi parad keçirilir. M.Zülfüqarlı qeyd etdi ki, qələbə 9 mayda qazanılmayıb, alman faşistləri mayın 8-də qeyd-şərtsiztəslim olublar və kapitulyasiya aktına imza atıblar, qələbə gününü bütün Avropa, o cümlədən də ABŞ mayın 8-də qeyd edir.

Moskva paradında iştirak etmək üçün gələn xarici liderlərə Putinin ayrı-seçkilik münasibətinə gəlincə, M.Zülfüqarlı hesab edir ki, onun Çin liderini “əsas qonaq”, “yaxın dost” adlandırması təsadüfi deyil: “Bilirsiz ki, Putin bu paradı keçirməkdə Ukraynada apardığı müharibəyə haqq qazandırmaq, gələcəkdə onu cinayətkar elan edəcək məhkəmənin qərarının təsirini azaltmaq, özünü haqlı hesab etdirmək və ortaya güc nümayişi qoymaq məqsədi güdür. Bunufaşizm üzərində qələbənin 80 illiyi paradından daha çox “Putinin özünü təmizə çıxarmaq paradı” adlandırmaq olar. Özünə haqq qazandırmaq üçün Moskvaya gedən liderlər arasından Çin liderini əsas götürür. Çünki Çin dünya güclərindən birdir. Bu gün Putinə Çin liderinin dəstəyi çox lazımdır, ona görə də Si Cinpini “əsas qonaq” adlandırırlar. ABŞ, Qərb ölkələri ilə qarşıdurmada Putinin özünə bir dayaq yaratması lazımdır ki, o da Çin lideridir. Ona görə də bütün diplomatik, etik normaları pozaraq, Moskvaya gedən digər liderlərə hörmətsizlik edərək Çin liderinin Putinin “xüsusi qonağı” adlandırılması əlbəttə ki, düzgün deyil. Bu Putinin böhran keçirməsinin nəticəsidir”.

Orada xeyli sayda dövlətin liderinin iştirak etdiyini, o cümlədən də Türküstandan (Mərkəzi Asiya) gedən prezidentlərin olduğunu deyən M.Zülfüqarlı hesab edir ki, Türküstan liderlərinin bu məsələyə münasibəti mənfi olmalıdır. “Çünki diplomatik qaydalara görə dövlətin güclü, zəif, böyük və kiçik olmasından asılı olmayaraq çağırılan qonaqlara eyni cür münasibət bəslənməlidir. Amma bu münasibət bir daha onu göstərir ki, Rusiya rəhbərliyi çox gərgin böhran içindədir. Ona görə də ora gələn qonaqlara bu cür münasibət sərgiləyib. Əlbəttə ki, bu özünü normal dövlət başçısı sayanlara toxunmalıdır və parada qatılan digərliderlər Putinin ayrı-seçkilik etməsinə reaksiya verməlidirlər” - deyə M.Zülfüqarlı qeyd etdi.

M.Zülfüqarlı əlavə etdi ki, İkinci Dünya müharibəsində Çinə təhlükə militarist Yaponiyasından idi. O, qeyd etdi ki, Çinin mayın 8-ni qələbə günü kimi qeyd etməsi bir qədər məqsədə uyğun deyil. “Çin militarist Yaponiyasının 1945-ci ilin 2 sentyabrında məğlub olması gününü qələbə günü kimi qeyd edə bilər. Burda da bir az məntiqsizlikdir.

Amma baş verənlər göstərir ki, bu tədbirlər 80 il əvvəlki məsələlərlə bağlı yox, bu günkü məsələlərlə bağlıdır. Hərə çalışır ki, özünə tərəfdar seçsin və bu pərdə altında tədbirlər keçirirlər...” - deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA

Seçilən
0
baki-xeber.com

1Mənbələr