AZ

Trampın yeni niyyəti - Ərdoğanı Ukrayna bataqlığında batırmaq...


Qulamhüseyn Əlibəyli: “Tramp iqtisadi maraqlarına demək olar tam, geosiyasi maraqlarına isə qismən nail ola bilib”

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandan Ukrayna münaqişəsinin nizamlanması üçün vasitəçilik etməsini istəyib.

“Hürriyet” qəzetinin yazdığına görə, Rəcəb Tayyib Ərdoğan həm Ukrayna Prezidenti Volodimir Zelenski, həm də Rusiya lideri Vladimir Putin ilə danışıqlar apara bilər. “Əgər Ukrayna Böyük Britaniya və ABŞ-ın təzyiqi ilə danışıqlar masasını tərk etməsəydi, Türkiyə müharibənin ilk üç ayı ərzində sülhə nail ola bilərdi”, - deyə məqalədə vurğulanıb.

Türkiyə mediasının məlumatına görə, Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarının təklifinə müsbət cavab verib.

Onu da qeyd edək ki, bir müddət öncə, mart ayında Ərdoğan ABŞ Prezidenti ilə telefon danışığında Trampın Ukrayna münaqişəsinin həlli istiqamətində səylərini dəstəklədiyini bildirib.

Maraqlıdır, əgər bu məlumat doğrudursa, o zaman Tramp bunu niyə edib? Özü bacarmadığı işi Ərdoğanın üstünə niyə atır?

Sözügedən məsələyə münasibət bildirən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli baki-xeber.com-a açıqlamasında buna bir neçə aspektdən yanaşdı: “ABŞ Prezidenti Donald Trampın həmkarı Rəcəb Tayyib Ərdoğandan Ukrayna münaqişəsinin nizamlanması üçün vasitəçilik etməsini istəməsi barədə məlumatın həqiqət olması ehtimalı böyükdür. Belə ki, hər şeydən əvvəl, Tramp Rusiya-Ukrayna müharibəsini dərhal dayandıracağını vəd etsə də, təxminən 5 ay müddətində buna nail ola bilməyib. Trampın seçdiyi taktika - Rusiya ilə birtərəfli qaydada danışıqlara getməklə və Ukraynaya nümayişkaranə şəkildə təzyiq etməklə onu Rusiyanın işğal etdiyi ərazilərindən imtina etməyə məcbur etmək idi. Onun bu taktikası özünü doğrultmadı və əks effekt verdi. Məlumdur ki, Tramp administrasiyası fəaliyyətə başladıqdan dərhal sonra Avropa İttifaqını nəzərə almadan Rusiya ilə açıq-aşkar yaxınlaşaraq birbaşa danışıqlara və Ukraynaya müxtəlif təzyiqlər etməyə başladı. Lakin Putin bu taktikanı Ukraynanın yeni ərazilərinin işğalı üçün şirnikləndirmə kimi qəbul etdi. Eyni zamanda Trampın təklif etdiyi atəşkəs rejiminə və sülh planına qarşı addımlar atdı, müxtəlif yolverilməz şərtlər irəli sürdü. Bu da ABŞ-la Rusiya arasında müəyyən ziddiyyətlərin yaranmasına gətirib çıxardı. Ona görə də Tramp bu taktika ilə onsuz da ABŞ-ın və şəxsən özünün korlanmış imicini qismən də olsa bərpa etməyə çalışır. Bunun üçün Rusiyaya qarşı daha sərt mövqeyə keçməklə əvvəlcə Avropa dövlətləri ilə həmrəylik nümayiş etdirməyə çalışdı. Bu da istənilən nəticəniverməyəndə Tramp ABŞ-ın Rusiya-Ukrayna müharibəsinin nizamlanması prosesində vasitəçilikdən imtina etdiyini rəsmən elan edərək, bu imtinanı məhz Putinin sülh prosesinə birbaşa mane olması ilə əlaqələndirdi. Bütün hərbi-siyasi məsuliyyəti məhz Rusiyanın üzərinə qoydu. İkincisi, Tramp iqtisadi maraqlarına demək olar tam, geosiyasi maraqlarına isə qismən nail ola bilib. Ukraynaya heç bir real təhlükəsizlik təminatları vermədən onun təbii sərvətlərinin istismarı haqqında ABŞ-a sərfəli müqavilə bağlanmasına və həmin müqavilənin Ukrayna parlamentində təsdiqinə nail ola bilib. Daha dəqiq desək, Ukraynanın ABŞ-la Rusiya arasında bölüşdürülməsi prosesi faktiki başlanıb. İndi ABŞ və Tramp üçün əsas məsələ nəyin bahasına olursa olsun Rusiyanı dayandırmaq və Ukraynanın təbii sərvətlərinin istismarının daha təhlükəsiz mexanizmini işə salmaqdır. Bu baxımdan TrampınRusiya-Ukrayna müharibəsinin nizamlanması məsələsində daha təcrübəli olan Ərdoğanı yenidən prosesə qoşmaq istəyi daha məntiqli görünür. Türkiyə Rusiyaya qaşı sanksiyalarda iştirak etmir və eyni zamanda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və ona yardım göstərir. Ərdoğan müharibənin ilk dövrlərində vasitəçilik missiyasını üzərinə götürərək Rusiya və Ukrayna rəsmilərinin görüşlərini təşkil edib, “taxıl sazişləri” adlanan məsələdə müəyyən nəticələr əldə edib. Yəni müəyyən vasitəçilik təcrübəsinə malikdir. Ona görə də ABŞ-ın dəstəyi ilə bu missiyanı davam etdirməsi müsbət nəticələr verə bilər”.

Vidadi ORDAHALLI

Seçilən
0
baki-xeber.com

1Mənbələr