Akif Nağı: “Birbaşa Ermənistan qarşısında bu tələbləri qoya bilərik ki, Melkonyan kimi canilərin bütün izləri Ermənistandan silinməlidir”
Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal olunmasını əks etdirən videomaterial nümayiş etdirilib. Videomaterial Ermənistan silahlı qüvvələrinin mövqelənmələri barədə danışması ilə başlayır.
Kadrlarda Monte Melkonyan erməni hərbçilərdən bir neçə dəfə təkrar soruşur ki, “bu gün nə etmişik?”, “bu gün indi haradayıq?”, “dünən haradaydıq, nə etdik?”
Hərbçi cavab olaraq hazırda Kəlbəcərdən 20 kilometr məsafədə olduqlarını bildirir.
Videogörüntülərdə danışan Monte Melkonyan deyir ki, onlar Ağdərənin qərb hissəsindən, Ağdaban istiqamətindən hərəkətə başladılar, indi Kəlbəcərə çatıblar. “Kəlbəcəri Ermənistana birləşdirməklə bütün Qarabağ Ermənistana birləşəcək, Ermənistana çox yollar açılacaq. Ümid edirəm azərilər (azərbaycanlılar – red.) başa düşəcək və qəbul edəcək ki, hər şey bitdi”, - deyə videomaterialda “Avo” ləqəbli Monte Melkonyan bildirir.
Kadrlarda, həmçinin Monte Melkonyan azərbaycanlıların güclü müqavimət göstərib-göstərmədiyi barədə suala cavabında bildirir ki, “Bəli möhkəm xətt idi. Biz Laçın yolunu kəsib bura gəldik. Hər bir erməni başa düşsün ki, bu işdə onun iştirakı çox vacibdir. Bu ərazilər 1988-ci ildə qəbul edildiyi kimi Ermənistana birləşəcək”.
Videomaterialda danışan Monte Melkonyan döyüş zamanı təxminən 70 nəfər azərbaycanlının öldürüldüyünü deyir.
Kadrlarda qətlə yetirilmiş azərbaycanlıların meyitləri göstərilir.
Görüntülərdə Ermənistan qoşunlarının Kəlbəcərə və ətraf kəndlərə girdiyi də nümayiş etdirilir.
Məhkəmədə nümayiş etdirilən bütün kadrlarda Monte Melkonyan törətdiyi cinayətlər aydın şəkildə görsənir, hardan hara gəldiyi ortadadır. Onun cinayətlərini heç kəs dana bilməz.
Məhkəmə materiallarında üzə çıxmış faktlara əsasən Azərbaycan Ermənistan qarşısında ciddi bir tələb kimi qoya bilərmi ki, Melkonyanın adının əbədiləşdirilməsi ilə bağlı nə var hamısı silinib atılsın, heykəlləri sökülsün, adı küçədən götürülsün? Belə bir tələb nə qədər doğrudur? Bu nə dərəcədə realdır? Ermənistanın qarşısında belə bir tələb qoymalıyıqmı?
Azad Vətən Partiyasının sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, bu istiqamətdə hərtərəfli iş aparılmalıdır: “Müxtəlif vaxtlarda Azərbaycan rəhbərliyi tərəfindən bu məsələ qoyulur. Monte Melkonyanla, Njde ilə, eləcə də digər terrorçularlabağlı Azərbaycan tələb qoyur ki, Ermənistanda o cür adamlara münasibət dəyişməlidir. Terrorçuların, faşistlərin adlarının tamamilə silinməsi üçün Ermənistan hərəkətə keçməlidir. Amma təəssüf ki, Ermənistan öz siyasətini yeridir, ermənilər geri çəkilmək istəmirlər. Erməni xisləti elədir ki, onlar şəraitə uyğun hərəkət edirlər.
Sovet dövründə onlar sözdə də olsa Daşnakstyun partiyasından imtina etdilər, o barədə yazılar yazdılar və sair, amma bununla belə ermənilər daşnak xislətini saxladılar, zaman-zaman o xislətlərini göstərdilər. Azərbaycana qarşı təcavüz prosesində də Daşnakstyun xəttini nümayiş etdirdilər”.
A.Nağı bildirdi ki, indiki şəraitdə AzərbaycanınErmənistanda gedən proseslərə dediyimiz şəkildə təsir etmək imkanı yoxdur, amma beynəlxalq rıçaqlarla təsir edə bilər. “Bu ciddi faktlar beynəlxalq təşkilatların qarşısında qoyulmalıdır və o təşkilatlardan tələb olunmalıdır ki, Ermənistana qarşı bu istqamətdə addımlar atılsın. Rusiyanın Ermənistanda təsiri hələ də kifayət qədər qalır. Amma Rusiya da faşistlərlə əməkdaşlıq etmiş Njdenin heykəlinin götürülməsinə nail ola bilmədi. Baxmayaraq ki, o vaxt Rusiya da Ermənistana qarşı müəyyən tələblər irəli sürmüşdü.
Hesab edirəm ki, Azərbaycan bu məsələni gündəmdə saxlamalıdır. Ermənistan müxtəlif beynəlxalq təşkilatlara üzv olmağa can atır, indi də NATO-ya üzv olmaqla bağlı guya müəyyən proseslər gedir, eyni zamanda Avropa İttifaqına üzvlüklə bağlı qərar qəbul ediblər, o istiqamətdə işlər gedir.
Biz beynəlxalq qurumların qarşısında məsələ qaldıra bilərik ki, siz Ermənistanı Aİ-yə üzv qəbul etmək istəyirsizsə onda Ermənistan bu cür cinayətkarların, terrorçuların təbliğatından geri çəkilməlidir. Mənə elə gəlir ki, Azərbaycan beynəlxalq təşkilatlar qarşısında bu məsələləri faktlarla qoyarsa nəticəyə ümid etmək olar”.
A.Nağı onu da dedi ki, adətən Avropa təşkilatları, onların regiondakı təmsilçiləri Azərbaycanın mövqeyini nəzərə almır, bizə qərəzli yanaşırlar və Ermənistanı müdafiə edirlər. A.Nağı hesab edir ki, bəzən onlar öz sifətlərini qorumaq üçün bu kimi məsələləri nəzərə alıb Ermənistana təsir edə bilər.
“Digər tərəfdən də, özümüz birbaşa Ermənistan qarşısında bu tələbləri qoya bilərik ki, Melkonyan kimi canilərin bütün izləri Ermənistandan silinməlidir. Onun törətdiyi cinayətlər məhkəmə materiallarında faktlarla əks olunub və Ermənistan bu məsələlərə ciddi yanaşmalı və terrorçunun izlərini siməlidir.
Bu gün Ermənistan regionda müxtəlif layihələrdə iştirak etmək istəyir və burda Azərbaycanın mövqeyindən çox şey aslıdır. Eyni zamanda onlar sözdə Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı olduqlarını deyirlər. Sülh müqaviləsinin imzalanması, Ermənistanın Azərbaycanla bağlı olan beynəlxalq və regional layihələrə qoşulması üçünAzərbaycan şərt olaraq bu tələbəri qoya bilər. Azərbaycanın Ermənistan qarşısında belə tələb qoyması tamamilə reallığa uyğundur” - deyə A.Nağı bildirdi.
İradə SARIYEVA