Arzuxan Əlizadə: “Almaniya ilə Fransa arasında geosiyasi rəqabət daha da güclənəcək”
2025-ci ilin mayında Almaniyada keçirilmiş federal seçkilər ölkənin siyasi kursunda dönüş nöqtəsi oldu. Səslərin əksəriyyətini Xristian-Demokrat İttifaqı (CDU) qazandı və partiyanın sədri Fridrix Mers Almaniyanın 10-cu Federal Kansleri kimi vəzifəyə başladı.
Bu nəticə Angela Merkelin rəhbərliyi ilə formalaşmış mərkəzçi siyasətdən sağ-mühafizəkar xəttə keçidin rəsmi təsdiqi kimi qiymətləndirilir. Yeni hökumət CDU/CSU və Sosial-Demokrat Partiyası (SPD) arasında qurulmuş koalisiya ilə formalaşıb.
O da məlumdur ki, Fransa ilə Almaniya arasında tarixən rəqabət mövcud olub və bu gün də nüfuz mübarizəsi davam edir. Bu baxımdan Fransa prezidenti Emmanuel Makron əvvəlki Almaniya kansleri Olaf Şoltsla “mehriban düşmən” kimi idilər. Aralarında sıx əməkdaşlıqdan daha çox rəqabət var idi. Üzdə dost kimi görünsələr də, arxada “it kimi bir-birini qapırdılar”. Ancaq yeni kansler Fridrix Mers seçilən kimi, ilk səfərini Parisə etdi.
Maraqlıdır, Merslə Makronun münasibətləri necə olacaq? Onun kanslerliyi dövründə Almaniya-Fransa münasibətləri necə olacaq?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə hesab edir ki, prinsipcə, iki ölkə arasında rəqabət azalmayacaq: “Əksinə, daha da güclənəcək. Ən azından ona görə ki, yeni kansler Fridrix Mers həm xarizmatikdir, həm də ambisiyalıdır. Şolts zəif fiqur idi. Məhz bu səbəbdən Makron təşəbbüsü ələ alaraq Avropa İttifaqının siyasi kursunun müəyyənləşməsində, xarici siyasət kursunda daha fəal idi. Mersin ilk səfərini Parisdən başlaması formal xarakterlidir. Çünki Fransa Aİ-də iqtisadi gücünə görə ikinci ölkədir. Fikrimcə, Mersin kanslerliyi dönəmində Almaniya Avroittifaqın siyasi kursunun müəyyənləşməsində lider olmağa çalışacaq. Bir müddət əvvəl Mers çıxışların birində bunun bəzi siqnallarını verib və Almaniyanın hərbi sənayeyə daha çox vəsait ayıracağını deyib. O cümlədən, Parisdə səfərdə olarkən Mers bildirib ki, Avropa İttifaqının bütün üzvləri müdafiə xərclərini artırmalıdırlar. Onun fikrincə, yalnız bu yolla onlar müdafiə qabiliyyətindəki boşluqları tədricən aradan qaldıra və Ukraynanı birgə şəkildə dəstəkləyə bilər. Mers onu da bildirib ki, Almaniya Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməsi üçün davamlı atəşkəs və razılaşma kimi ilkin şərtlər hələ mövcud deyil. Belə ehtiyatlı yanaşma Almaniyanın hüquqa əsaslanan diplomatiyasının davamıdır. Həmçinin Rusiyaya dolayı mesajdır ki, Almaniya sərt mövqeyə hazırdır, amma hüquqi zəmin olmadan riskə getməyəcək. Ümumən, Mersin ilk diplomatik addımları onu göstərir ki, Almaniya beynəlxalq siyasətdə daha sistemli və aktiv rol almaq istəyindədir. Yəni Almaniya Aİ-nin iqtisadi lokomotividirsə, bu, xarici siyasətdə də özünü göstərməlidir. Bu baxımdan hesab edirəm ki, Almaniya ilə Fransa arasında geosiyasi rəqabət daha da güclənəcək. Makronun timsalında rəsmi Paris əvvəlki kimi fəal, lider mövqeyindən çıxış edə bilməyəcək. Əslində bütün bunlar Azərbaycanın da maraqlarına cavab verir”.
Vidadi ORDAHALLI