Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib ki, təhsil sistemində sadələşdirilmiş və daha səmərəli bir yanaşmanın təbliğinə ehtiyac var:

“Azərbaycanda tətbiq olunan ikili qəbul və imtahan sistemi yəni, ayrı-ayrılıqda həm orta məktəb imtahanları, həm də universitetlərə qəbul üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar artıq köhnəlmiş yanaşmadır. Bu sistem şagirdlərin yalnız müəyyən fənlər üzrə hazırlaşmasına, digər sahələrə isə marağın azalmasına gətirib çıxarır. Mənim fikrimcə, tələbə qəbulu yalnız orta məktəbdə verilən imtahanların nəticələrinə əsaslanmalıdır. Yəni, şagird orta məktəbi bitirərkən bütün fənlər - ədəbiyyat, ana dili, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya və digərləri üzrə imtahan verməlidir. Belə bir sistem şagirdin yalnız bir neçə əsas fənə deyil, ümumi təhsilə ciddi yanaşmasını təmin edər və onu daha hərtərəfli inkişaf etdirər. Bu yanaşma, eyni zamanda, şagirdin yalnız qəbul imtahanına deyil, bütün təhsil həyatına diqqətini artıracaq, onu daha geniş biliklərlə silahlandıracaq. Bu, həm də müəllimlərin işini daha məsuliyyətli və effektiv edəcək, çünki artıq şagird yalnız bir imtahana yox, bütün təhsil dövrünə ciddi yanaşacaq”.
Deputat əlavə edib ki, bu təcrübə artıq dünyanın bir çox inkişaf etmiş ölkələrində tətbiq olunur:
“Məsələn, Finlandiya, Almaniya və digər Avropa ölkələrində şagirdin məktəbdə əldə etdiyi nəticələr ali təhsil müəssisələrinə qəbulda əsas rol oynayır. Biz də beynəlxalq praktikaya uyğun olaraq təhsil sistemimizi bu istiqamətdə islahat etməliyik. Çünki hazırkı ikili sistem həm şagirdlər üçün əlavə stress yaradır, həm də təhsilin mahiyyətini yalnız test nəticələrinə indirir. Məktəb imtahanlarının nəticələri ali məktəblərə qəbulun yeganə meyarına çevrilməlidir ki, bu da daha ədalətli və hərtərəfli qiymətləndirmə sistemi formalaşdırsın”.
Leyla Turan
Demokrat.az