Sea Breeze

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirib. Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla, dərin ehtiramla yad edilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan institutun direktoru Faiq Xudayev bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 102-ci ili tamam olur. Azərbaycanın müasir tarixi dünyanın siyasət arenasında xüsusi yer tutmuş görkəmli dövlət xadimi, əzəmətli siyasi lider və şəxsiyyət, xalqımızın xilaskarı və müstəqil dövlətçiliyimizin memarı olan Heydər Əliyevin adı ilə bağlıdır.

Bugünkü Azərbaycanın inkişaf yolu ötən əsrin 70-ci illərindən, Heydər Əliyevin Azərbaycanda və SSRİ-də rəhbər vəzifələr tutduğu dövrdən başlayır. F.Xudayev xatırladıb ki, 1969-cu il iyulun 14-də Heydər Əliyevin respublikanın rəhbəri vəzifəsinə seçilməsi ilə Azərbaycan yeni dövrə qədəm qoyub. Ulu Öndərin respublikanın rəhbəri kimi fəaliyyət göstərdiyi 1969-1982-ci illər Azərbaycan tarixinə irimiqyaslı quruculuq və dinamik inkişaf illəri kimi daxil olub. Heydər Əliyev sovet rejiminin bütün imkanlarından maksimum istifadə edərək Azərbaycanı keçmiş SSRİ miqyasında qabaqcıl respublikalar sırasına çıxarıb, mərkəzdən dotasiya almayan iki respublikadan birinə çevirib. 1969-1982-ci illərdə respublikada xalq təsərrüfatının artım sürəti orta ittifaq səviyyəsini xeyli qabaqlayıb, istehsal edilən milli gəlir 2,6, sənaye məhsulunun həcmi 2,7, kənd təsərrüfatı məhsulları 2,3 dəfə artıb. Ulu Öndərin qarşıya qoyduğu strateji hədəflərdən biri də respublikada güclü kadr potensialı yaratmaq, yüksək ixtisaslı mütəxəssislər yetişdirmək idi. Bu məqsədlə yeni ali və orta ixtisas məktəbləri yaradılıb.

Heydər Əliyevin təşəbbüsü ilə 70-80-ci illərdə keçmiş SSRİ-nin 170-dən çox nüfuzlu ali məktəbində 15 mindən çox azərbaycanlı gənc ən müxtəlif ixtisaslar üzrə ali təhsil almağa göndərilib, bizim ali məktəblərdə mövcud olmayan 250-dən çox ixtisas üzrə kadrlar hazırlanıb.
Daha sonra tədbirdə çıxış edənlər Dahi Rəhbər Heydər Əliyevin mənalı həyat yolundan danışıb, Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs ediblər. Ulu Öndərin bir sıra xarici ölkələrə səfərləri, keçirdiyi görüşlər, eləcə də dünyanın ayrı-ayrı dövlətlərindən respublikamıza gələn nümayəndələrlə aparılan danışıqlar Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətli rol oynadığı haqqında fikirlərini diqqətə çatdırıblar.Tədbir zamanı Ulu Öndərə həsr olunan film nümayiş etdirilib.

ETX
ETX
ETX