Estoniyanın Narva şəhərində Rusiya ilə sərhəddə çayın sahilində yerləşən orta əsrlərə aid qala divarına Adolf Hitler kimi geyinmiş Vladimir Putinin əks olunduğu pankart asılıb.
Hafta.az “Meduza” nəşrinə istinadla “Putler hərbi cinayətkardır” yazısı olan pankartın fotosu qala divarları arasında yerləşən Narva muzeyi tərəfindən dərc edilib.
Narva muzeyinin direktoru Mariya Smorjevskix-Smirnova Putinin posterini “tammiqyaslı müharibə və müharibə cinayətləri haqqında xatırlatma mesajı” adlandırıb.
"Bu gün, Avropa Günündə biz sülh və azadlığı qeyd edirik... Eyni zamanda, Putinin başlatdığı genişmiqyaslı müharibə artıq dördüncü ildir ki, bizim yanımızda davam edir. Biz diktatoru diktator adlandırırıq, müharibə cinayətləri müharibə cinayətləridir", - o, yerli "ERR" nəşrinə şərhində deyib.
Ardıcıl üçüncü ildir ki, Narva Muzeyi mayın 9-da “Putin hərbi cinayətkardır” şüarı yazılmış banneri sərhədin Rusiya tərəfindəki o biri sahildə - İvanqorodda görünməsi üçün asıb.
Muzeyin direktoru Mariya Smorjevskix-Smirnova bildirib ki, bu, “təxribat deyil, muzey və Propastop təşkilatı tərəfindən əvvəlcədən planlaşdırılan quraşdırmadır”. 2025-ci ilin əvvəlində məlum oldu ki, Moskva məhkəməsi Mariya Smorjevskix-Smirnovanı siyasi motivlərlə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinin "b" və "d" bəndləri) bir qrup şəxs tərəfindən Rusiya ordusu haqqında "saxta" yaymaqda ittiham edərək qiyabi həbs edib.
Öz növbəsində, İvanqorodda hər il mayın 9-da Estoniya tərəfdən görünən sahilə ekranlar və səhnə quraşdırılır. Bu gün ekranda Moskvadakı qələbə paradı yayımlanıb və daha sonra sahildə "Qələbə sahilləri" bayram konserti başlanacaq.