ABŞ-də əhalinin ən sıx məskunlaşdığı 28 şəhər sürətlə yerə batır.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ-nin Virciniya Politexnik İnstitutu və Virciniya Dövlət Universitetindən olan tədqiqatçılar qrupu açıqlayıb.
Tədqiqatçılar ABŞ-nin böyük şəhərlərinin batması və ya çökməsinin yüksək ayırdedici xəritələrini yaratmaq üçün peyk radar ölçmələrindən istifadə edib.
Tədqiq olunan 28 şəhərin hər birində şəhərin azı 20%-nin batdığı müəyyən edilib. Şəhərlərin 25-də isə ərazinin azı 65%-i batıb.
Məlumata görə, çökmə nisbəti ən yüksək olan şəhərlər Texasda yerləşir və bunarın başında isə Hyuston yer alır. Burada şəhərin təxminən 40%-i ildə 5 millimetrdən çox, şəhərin 12%-i isə ildə 10 millimetr batır.
Çökən şəhərlər arsında Nyu-York, Çikaqo, Dallas və Denver də yer alıb.
Tədqiqata rəhbərlik edən Leonard Oçençen deyib ki, hətta torpağın kiçik sürüşməsi zamanla binaların, yolların, körpülərin və dəmir yollarının struktur bütövlüyünü poza bilər.
Təbii geoloji proseslər nəticəsində geniş ərazilərin çökməsi bütün dünyada qeyri-adi deyil. Lakin tədqiqat qrupu bildirib ki, ABŞ-da şəhər çökmələrinin 80%-i müxtəlif insan fəaliyyətləri üçün istifadə üçün yeraltı suların çəkilməsi nəticəsində yaranıb.
Şəhərlər böyüməyə davam etdikcə bu problemin daha da ağırlaşacağı proqnozlaşdırılır.
Billurə Yunus