2025-ci il mayın 9-da səhər saatlarında Pakistanın Pəncab əyalətində ölkənin hava hücumundan müdafiə qüvvələri Pakistanın hava məkanını pozan dörd Hindistan kəşfiyyat təyyarəsini və 25 pilotsuz uçuş aparatını vurub. Bu barədə Pakistanın təhlükəsizlik orqanlarının nümayəndələri bildiriblər və vurğulayıblar ki, Hindistanın hərəkətləri iki nüvə dövləti arasında onsuz da gərgin olan münasibətlərdə növbəti gərginlik aktı kimi qiymətləndirilir. İnsident Hindistanın Pakistan ərazisində "terror infrastrukturu"kimi adlandırdığı yerə zərbə endirməsindən sonra alovlanan münaqişənin bir hissəsidir. Pakistan ordusunun məlumatına görə, Lahor, Bəhavalpur və Ravalpindi şəhərləri də daxil olmaqla, Pəncab əyalətinin bir sıra bölgələrində kəşfiyyat təyyarələri və pilotsuz uçuş aparatları ələ keçirilib. Pakistan Ordusunun ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri general-leytenant Əhməd Şərif Çaudri zərərsizləşdirilən pilotsuz təyyarələr arasında kəşfiyyat və zərbə missiyalarını yerinə yetirmək qabiliyyətinə malik İsrail istehsalı olan Harop PUA və sursatlarının olduğunu bildirib. Müdaxilə nəticəsində bir mülki şəxs həlak olub, dörd pakistanlı əsgər isə yaralanıb. Reuters xəbər verir ki, Pakistan hakimiyyəti Hindistanın bu hərəkətlərini Pakistanın "suverenliyin açıq şəkildə pozulması" adlandırıb və istənilən təxribata sərt cavab verməyə davam edəcəyinə söz verib. Pakistan BMT Təhlükəsizlik Şurasına özünümüdafiə hüququ barədə məlumat verib və baş nazir Şahbaz Şərif Hindistanın hərəkətlərini "müharibə aktı" adlandırıb, Mayın 7-də Pakistan 125 təyyarənin iştirak etdiyi kütləvi hava döyüşü zamanı üç Rafale, bir Su-30 və bir MiQ-29 daxil olmaqla beş Hindistan qırıcısını vurduğunu qeyd edib. CNN-in məlumatına görə, Hindistan hər hansı itkini təsdiqləməsə də, toqquşma müasir aviasiya tarixinin ən böyük hadisələrindən biri ilə əlamətdar olub. Pakistan Hərbi Hava Qüvvələrinin uğuru Çinin J-10C qırıcıları və PL-15 raketlərinin istifadəsi ilə əlaqələndirilib ki, bu da Chengdu Aircraft Corporation-ın səhmlərinin 20% artmasına səbəb olub. Casus təyyarələr və dronlarla bağlı indiki insident, gərginliyin azaldılması üçün beynəlxalq çağırışlara baxmayaraq, Hindistanın Pakistan hava məkanında fəaliyyətini davam etdirdiyini göstərir. Pəncabda fövqəladə vəziyyət elan edilib, səhiyyə ocaqları yüksək hazırlıq vəziyyətinə gətirilib və hava limanları, o cümlədən İslamabad beynəlxalq hava limanı mülki uçuşlar üçün bağlanıb.
Surxay Əliyev