AZ

"Böyük Vətən müharibəsi" yalanına son qoymağın vaxtıdır, SSRİ müttəfiq sayıla bilməz" - Harri Kasparov

 
"Ukrayna üçün sülhün, Rusiya üçün azadlığın yeganə yolu Ukraynanın qətiyyətli qələbəsidir..."
 
Əgər Donald Tramp 8 mayı "İkinci Dünya müharibəsində Qələbə Günü" kimi milli bayram elan etməyi bacarsa, bu, Putinin təbliğatına ciddi zərbə olar. Kremlə görə Qələbə Günü 8 may deyil, 9 maydır, çünki Rusiya tarixə yalnız öz versiyası ilə yanaşır.
 
Moderator.az xəbər verir ki, bu barədə rusiyalı şahmatçı və müxalif siyasətçi, şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov "gordonua.com" nəşrindəki bloqunda yazıb.
 
"8 may əsl Qələbə Günüdür. Lakin Qərb illərlə SSRİ-nin müharibədəki "xüsusi roluna" dair siyasi baxımdan əlverişli mifləri davam etdirib. Hazırda Ukraynaya qarşı müharibə aparan Rusiya keçmişin rəmzlərindən istifadə edərək bu yalanı yaşadır.
 
Ən böyük yalan budur: SSRİ-ni ümumiyyətlə müttəfiq saymaq olmaz. 1939-cu ildə SSRİ və nasist Almaniyası gizli razılaşma ilə Avropada müharibəyə başladı. Molotov-Ribbentrop paktı Polşanı iki diktatura arasında bölüşdürdü, digər bölgələr SSRİ-yə verildi. Stalin bu razılaşma naminə öz yəhudi xarici işlər nazirini də vəzifədən uzaqlaşdırdı.
 
Bəli, sonradan Almaniya SSRİ-yə hücum etdi, lakin bu, Sovetlərə bəraət qazandırmır, necə ki, silahlı qarət zamanı şəriklərdən biri digərini satdıqda, hər ikisi yenə də cinayətkar sayılır.
 
Bu tənqid sovet xalqının qurbanlarını inkar etmir. Amma Rusiya SSRİ-nin çoxmillətli mirasına təkbaşına sahib çıxa bilməz. O vaxtkı imperiyanın bütün xalqları bu səhvlərin bədəlini ödəyib.
 
İndi isə Rusiya həmin tarixi qurbanlığı öz imperiya ambisiyaları üçün istismar edir. "Faşizmə qarşı mübarizə" adı altında Ukraynaya hücum edir, keçmiş respublikaları öz təsiri altında saxlamağa çalışır. Amma eyni zamanda ABŞ və Britaniyanın 1941-dən sonra göstərdiyi yardım unudulur.
 
9 mayın fərqli qeyd olunmasının səbəbi də budur: Stalin öz "qələbə günü"nə sahib olmaq istəyirdi. Bu, o dövrdən bu günə miras qalmış siyasi nümayişdir. Halbuki ABŞ və Böyük Britaniya Avropada əhəmiyyətli əməliyyatlar aparıb, Yaponiyaya qarşı müharibə aparıb, SSRİ isə Sakit okean cəbhəsində iştirak etməyib.
 
Sovet İttifaqı dağıldıqdan sonra bəzi ölkələr qorxudan və ya adəti üzrə 9 mayı qeyd etməyə davam edib. Lakin Rusiya ilə yaşanan acı təcrübələrdən sonra Ukrayna və bir sıra Şərqi Avropa ölkələri 8 maya keçib.
 
Böyük Vətən müharibəsi ətrafındakı miflər zərərsiz deyil, onlar imperiya siyasətinə bəraət qazandırmaq üçün istifadə olunur. 9 maya dair mif də bu təbliğatın mərkəzindədir.
 
Biz də bu təhrifləri rədd edib həqiqəti qəbul etməliyik: səksən il öncə iki diktatura Avropada müharibə başladıb və onlardan biri - Rusiya bu gün də qan tökməkdə davam edir.
 
Dünya Rusiyaya yeni bir Qələbə Günü verə bilməz, tarix bizə göstərir ki, Ukrayna üçün sülhün, Rusiya üçün isə azadlığın yeganə yolu Kiyevin qətiyyətli qələbəsidir".
Seçilən
0
moderator.az

1Mənbələr