AZ

Cənubi Asiyada sülh çökür: Dinc insanlar yenə ilk hədəfdir

Savaş təkcə Kəşmir uğrunda deyil, milyonlarla müsəlmanın taleyi müzakirə altındadır
 
 Hindistan və Pakistan gərginliyi ABŞ-Çin savaşının tərkib hissəsidir
 
Nə qədər qəribə səslənsə də, milyard yarımlıq Hindistan özü də bu savaşda proksidən başqa bir şey deyil
 
 
Hindistan və Pakistan arasında hərbi gərginlik təhlükəli eskalasiya mərhələsinə qədəm qoyub. Aprelin 22-də Cammu və Kəşmirin Hindistanın nəzarətində olan Pahalqam bölgəsində baş verən insidentdən sonra rəsmi Yeni Dehlinin ritorikası sürətlə hərbi əməliyyatlara transformasiya olunaraq, bölgədə stabilliyin ciddi şəkildə pozulmasına gətirib çıxarıb. Mayın 7-də Hindistan Silahlı Qüvvələri tərəfindən Pakistanın suveren ərazisinə qarşı həyata keçirilən raket hücumları bu təxribatçı ritorikanın praktik təzahürüdür. Bir neçə saat davam edən raket zərbələri nəticəsində mülki infrastruktur zədələnib, dinc əhali arasında itkilər qeydə alınıb. Hindistanın bu addımından dərhal sonra ölkə daxilində genişmiqyaslı mülki müdafiə təlimlərinə start verilib, 21 əsas hava limanı mülki uçuşlar üçün bağlanıb, paytaxt Yeni Dehlidə isə planlaşdırılmış enerji fasilələri tətbiq olunub. Bu tədbirlər isə Hindistanın faktiki olaraq müharibəyə hazırlıq rejiminə keçdiyini, onun strateji niyyətlərinin hərbi-siyasi səciyyə daşıdığını göstərir.
Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasim Mohiuddin deyib ki, Hindistanın bölgədə vəziyyəti gərginləşdirmək istiqamətindəki cəhdləri davam edir. Onun sözlərinə görə, Hindistan ordusu Pakistandakı mülki hədəflərə zərbələr endirir: “Hindistanın ölkəmizə hücumu nəticəsində insanlarımız arasında həlak olanlar və yaralananlar var. Hindistan Pakistanla qarşılıqlı səfərlər haqqında qaydalara zidd olaraq, sərhədləri birtərəfli qaydada bağlayıb. Hazırda Hindistanın bölgədə vəziyyəti gərginləşdirmək istiqamətindəki cəhdləri davam edir. Hindistan ordusu Pakistandakı mülki hədəflərə zərbələr endirir. Bizim ordunun gördüyü tədbirlər nəticəsində bir sıra hədəflərə zərbələr endirilib, qarşı tərəfə məxsus pilotsuz uçuş aparatları sıradan çıxarılıb. Görünür ki, qarşı tərəf gərginliyi azaltmaq istəmir. Belə ki, bu gün səhər saatlarında Hindistanın dron hücumları davam edib, onlar sərhədlərimizə yaxın ərazilərdə qırıcı təyyarələrin uçuşlarını həyata keçiriblər”. Diplomat vurğulayıb ki, baş verənlərdən sonra rəsmi İslamabad tərəfsiz beynəlxalq araşdırmanın aparılmasını təklif edib.

Politoloq Rusif Məmmədsoy Sherg.az-a deyib ki, Hindistan özü də bu savaşda proksidir. Ekspert vurğulayıb ki, Hindistanda təxminən 180 milyona yaxın müsəlman yaşayır:

 "Hindistan isə ilk andaca terrorçu axtarmaq adı ilə Pakistanda məscidləri hədəf alır, günahsız insanları qətlə yetirir. Bu, sadəcə Pakistana qarşı belə deyil, daxildəki müsəlmanlara qarşı mərkəzi hökumət çox ciddi basqılar edir, assimilyasiya siyasəti yürüdür. Bu məsələdə radikal milliyətçi baxışlara malik Baş nazir Narendra Modi amili də şübhəsiz ki, ciddi rol oynayır. Mənə maraqlı olan həm də budur ki, özünü islam təəssübkeşi kimi təqdim edən, müsəlmanların müdafiəçisi kimi iddialar irəli sürən İran İslam Respublikası bu istiqamətdə hər hansı addım atıbmı? Və ya ən azı bəyanat səsləndiribmi? Deyə bilərsiniz ki, İranın başı özünə qarışıb, amma razı deyiləm. Əgər bu gün savaşın miqyası böyüyərsə və qonşu ölkələr seçim qarşısında qalarsa, İran şübhəsiz ki, Hindistanın yanında yer alacaq. Digər bir məsələni də qeyd edim ki, hazırda baş verənlər qətiyyən terror, Kəşmir və ya su savaşı deyil. Bu savaşın sifarişçisi okeanın o tayındadır. Pakistan Hindistana təklif etdi ki, gəl bu məsələyə üçüncü, neytral bir dövləti dəvət edək, araşdıraq, lakin Hindistan buna razılıq vermədi. Maraqlısı budur ki, Hindistanın guya mübarizə apardığı o terror qruplaşmasını Pakistan özü də terrorçu kimi tanıyır və mübarizə aparır. Uzun sözün qısası, bu, ABŞ-Çin savaşının tərkib hissəsidir və nə qədər qəribə səslənsə də, milyard yarımlıq Hindistan özü də bu savaşda proksidən başqa bir şey deyil".
Seçilən
0
sherg.az

1Mənbələr