Pakistanın Çin istehsalı olan J-10C qırıcıları tarixdə ilk dəfə olaraq Hindistanın ən azı iki döyüş təyyarəsini, o cümlədən Fransanın Rafale təyyarəsini vurub. Bu barədə Amerika hərbi dairələrindəki anonim mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb. 2025-ci il mayın 7-də baş verən hadisə Çin təyyarələrinin Qərb və Rusiya platformalarına qarşı real şəraitdə döyüş qabiliyyətini nümayiş etdirməsi ilə bütün dünya üzrə analitiklərin diqqətini çəkib. Reuters agentliyinin məlumatına görə, PL-15 uzaqmənzilli raketləri ilə silahlanmış Pakistan J-10C təyyarələri Hindistanın Fransadan bu yaxınlarda aldığı ən azı bir Rafale və başqa qırıcılarını uğurla vurub. Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif bildirib ki, Rafale, Su-30 və MiQ-29 daxil olmaqla, ümumilikdə beş Hindistan təyyarəsi vurulub. Öz növbəsində Hindistan Pakistan ərazisindəki “terror infrastrukturuna” qarşı Sindoor əməliyyatının uğurla həyata keçirilməsində israr edərək, itkiləri rəsmi olaraq təsdiqləməkdən yayınıb. “Kommersant”ın 9 may 2025-ci il tarixli məlumatına görə, Hindistan hakimiyyəti iddia edir ki, onların zərbələri aprel ayında Kəşmirdə turistlərə hücumlarda Yeni Dehlinin günahlandırdığı qruplarla əlaqəli silahlı düşərgələrə yönəlib. Mütəxəssisləri isə xüsusilə Pakistanın istifadəsində olan Amerika F-16 qırıcılarının döyüşdə istifadə edilməməsi maraqlandırır. Bu, hadisəni Çin texnologiyasının, xüsusən də 4-cü,5-ci nəsil təyyarə olan J-10C-nin unikal sınağına çevirir. Reuters-in qeyd etdiyi kimi, bu təyyarələrin təchiz olunduğu PL-15 raketləri performans baxımından Avropa Meteoru ilə müqayisə edilə bilər ki, bu da onların Rafale-yə qarşı istifadəsini mühüm presedent edir. ABŞ, Çin və Avropadakı hərbi analitiklər tammiqyaslı münaqişəyə yaxın şəraitdə Çin hava qüvvələrinin effektivliyini qiymətləndirmək üçün döyüşün təfərrüatlarını öyrənirlər. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun eksperti Duqlas Barri deyib ki, insidentdən əldə edilən məlumatlar taktika, silah və onların effektivliyini anlamaq üçün diqqətlə təhlil ediləcək.
Surxay Əliyev